
Bakı. Trend:
Londonda Beynəlxalq Dəniz Təşkilatının mənzil-qərargahında
Naviqasiya, Kommunikasiya və Axtarış-Xilasetmə üzrə Alt Komitəsinin
13-cü sessiyası keçirilib. Tədbirdə Azərbaycanı Dövlət Dəniz və
Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin
direktoru Məzahir Niftiyev təmsil edib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, toplantı çərçivəsində gəmi hərəkətinin təşkili,
gəmilər üçün hərəkət marşrutları sistemi, Qlobal Dəniz Fəlakəti və
Əmniyyətli Rabitə, habelə Gəmilərin Uzaq Məsafədən Tanınması və
İzlənilməsi sistemlərinin, axtarış-xilasetmə xidmətlərinin
inkişafı, elektron naviqasiya, rəqəmsal texnologiyaların tətbiqi və
digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müzakirələr beynəlxalq dəniz üzgüçülüyünün daha
da gücləndirilməsi, müasir naviqasiya və rabitə sistemlərinin
inkişafı, eləcə də Beynəlxalq Dəniz Təşkilatının normativ-hüquqi
bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.

