Qərarın icrasında qeyri-müəyyənlik yaranarsa, məhkəmə ona izah verməlidir – Ali Məhkəmə

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işi
çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün
icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması
məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid
məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmənin Mətbuat Xidmətindən verilən məlumata görə, iş
üzrə birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada
zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin
ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli
qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi,
bina istismara verilənədək isə aylıq 1 200 manat məbləğində icarə
haqqının ödənilməsi qərara alınıb.

Məhkəmənin Mətbuat xidmətindən bildirilib ki, sonradan
zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi
barədə məhkəməyə müraciət edib:

“O, ərizəsində qeyd edib ki, qərarda yeni binada təqdim olunacaq
qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və
digər xüsusiyyətləri müəyyən edilmədiyindən, bu hal icra
mərhələsində müxtəlif yanaşmalara və hüquqlarının tam bərpa
olunmamasına səbəb ola bilər.

Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu
əsas gətirərək müraciəti təmin etməyib. Apellyasiya instansiyası da
həmin qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə isə fərqli hüquqi mövqe ortaya qoyub. Qeyd olunub
ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş
məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma olmasa
da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual
Məcəllənin müvafiq müddəaları tətbiq oluna bilər”.




Bildirilib ki, Məhkəmə Mülki Prosessual Məcəllənin 230.1-ci
maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə
aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti
verir:

“Bu hüquqi mexanizmin məqsədi qərarı dəyişdirmək deyil, onun
düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.

Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən, cinayət işi çərçivəsində
baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı
qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin
qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və
məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.

Qərarda xüsusi vurğulanıb ki, naturada zərərin əvəzinin
ödənilməsi yalnız təqdim ediləcək əmlakın sahəsinin eyni olması ilə
məhdudlaşmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1115-ci maddəsinin mənasına uyğun olaraq zərərçəkmiş şəxsin əvvəlki
hüquqi vəziyyəti mümkün qədər bərpa edilməli, bunun üçün əmlakın
funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də
nəzərə alınmalıdır”.

Məhkəmənin Mətbuat Xidmətindən bildirilib ki, Ali Məhkəmə hökmün
mülki iddiaya dair hissəsində bu məsələlərin konkret göstərilməməsi
icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət
hüququnun səmərəli müdafiəsini çətinləşdirə biləcəyini hesab edib.
Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun
dəyişdirilməsi deyil, onun düzgün və effektiv icrasını təmin edən
hüquqi vasitə kimi çıxış edir.

“Yekunda Ali Məhkəmə zərərçəkmiş şəxsin hökmün mülki iddiaya
dair hissəsinə izah verilməsi barədə müraciətinin qanuna uyğun
olduğunu və əsassız hesab edilə bilməyəcəyini qeyd edib”, – deyə
Məhkəmənin Mətbuat xidmətindən əlavə edilib.