Sloveniyada keçirilən icma görüşü məhsuldar müzakirələrlə yadda qalıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Balkanların qəlbində yerləşən Sloveniya Respublikası Azərbaycan
diasporunun fəallığı, təşkilatlanması və yerli cəmiyyətə uğurlu
inteqrasiyası ilə diqqət çəkən ölkələrdən biridir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşlarının Lyublyanada Sloveniyadakı Azərbaycan icması ilə
görüşü soydaşlarımızın birliyinin möhkəmləndirilməsi, yeni
əməkdaşlıq imkanlarının formalaşdırılması və milli maraqlarımızın
beynəlxalq müstəvidə daha güclü təbliği baxımından xüsusi əhəmiyyət
daşıyıb.

Komitənin dəstəyi və Azərbaycan Türk Mədəniyyəti
Assosiasiyasının təşkilatçılığı ilə baş tutan, soydaşlarımızın
böyük maraq göstərdiyi icma görüşündə azərbaycanlılarla yanaşı,
türk xalqlarına məxsus müxtəlif icmaların nümayəndələri və yerli
ictimaiyyətin üzvləri iştirak edib.

Əvvəlcə Azərbaycanın və Sloveniyanın Dövlət himnləri
səsləndirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva
soydaşlarımızı salamlayaraq, ənənəvi hal alan icma görüşlərinin
əhəmiyyətindən danışıb. Sloveniyada fəaliyyət göstərən diaspor
təşkilatlarının fəallığından və ölkəmizin maraqlarının müdafiəsi
istiqamətində gördükləri işlərdən bəhs edib. Bildirib ki, dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin milli
maraqlarının qorunması, tarixi həqiqətlərimizin beynəlxalq
ictimaiyyətə düzgün çatdırılması və zəngin mədəni irsimizin
tanıdılması istiqamətində mühüm işlər görür.

Görüşdə Prezident İlham Əliyevin çıxışlarının yer aldığı sənədli
film, həmçinin xaricdəki Azərbaycan Evləri və həftəsonu
məktəblərinin fəaliyyəti barədə videoçarxlar nümayiş olunub.




Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti
Assosiasiyasının rəhbəri Taleh Qurbanov Sloveniyadakı
azərbaycanlıların birlik və həmrəylik şəraitində fəaliyyət
göstərdiyini vurğulayıb, diasporumuzun iki xalq arasında dostluq
münasibətlərinin inkişafında xüsusi rol oynadığını söyləyib,
rəhbərlik etdiyi təşkilatın fəaliyyətini və hədəflərini diqqətə
çatdırıb.

Görüşdə Azərbaycan Respublikasının iqamətgahı Vyana şəhəri
olmaqla Sloveniya Respublikasındakı Səfirliyinin ikinci katibi
Aydan Muradova, səfirliyin konsulluq məsələləri üzrə əməkdaşı və
ikinci katib Kamran Məmmədov da iştirak edib.

İcma görüşündə Diasporla İş üzrə soydaşlarımız tədbirin
keçirildiyi məkanda komitənin dəstəyi ilə açılan və ölkəmizin
mədəniyyətini, tarixini əks etdirən sərgini böyük maraqla
izləyiblər.

Daha sonra Şərqi Avropada yaşayan Azərbaycanlıların Sloveniya
üzrə Koordinasiya Şurasına koordinator seçilib.

Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşərək,
Sloveniyadakı icmaya göstərilən diqqət və qayğıya görə Azərbaycan
dövlətinə minnətdarlıq ediblər. Əlaqələrin daha da genişlənməsinə,
ortaq məqsədlər ətrafında birliyin güclənməsinə və gələcək birgə
təşəbbüslər üçün yeni imkanlar yaradan belə toplantıların davamlı
olmasını arzulayıblar.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və
əməkdaşları təkcə 2025-ci ildə 30 ölkəyə 100-ə yaxın səfər həyata
keçirib, minlərlə azərbaycanlının və xaricinin iştirakı ilə
görüşlər keçiriblər. Baş tutan görüş və məhsuldar müzakirələr dünya
azərbaycanlılarının azərbaycançılıq ideyaları ətrafında daha sıx
birləşməsinə, milli həmrəyliyin güclənməsinə və diaspor
fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə təkan verir.