
Bakı. Trend:
Azərbaycan özünü enerji təchizatçısı, eləcə də iri
data-mərkəzlərin və texnologiya şirkətlərinin yerləşdirilməsi üçün
platforma kimi mövqeləndirə bilər.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının
Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz
Cəfərov Bakıda Azərbaycan Amerika Ticarət Palatasının (AmCham
Azerbaijan) təşkil etdiyi “TECHNOVATION: Davamlı İqtisadi
Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda tədbirdə
bildirib.
Onun sözlərinə görə, hazırda texnoloji dəyişikliklərin tempi
əvvəlki sənaye inqilabları ilə müqayisədə daha da sürətlənir. Bu
isə süni intellektin, avtomatlaşdırmanın və virtual reallıq
texnologiyalarının inkişafı ilə bağlıdır.
“Müasir şəraitdə iqtisadiyyatlar yalnız ümumi daxili məhsulla
deyil, həm də məlumatların inkişaf səviyyəsi və bağlılıq
göstəriciləri ilə qiymətləndirilir. Bunu “ümumi məlumat məhsulu”
kimi xarakterizə etmək olar.
Qiymətləndirmələrə görə, süni intellekt iqtisadiyyatının həcmi
2040-cı ilədək təxminən 22 trilyon dollara çata bilər. Halbuki
2025-ci ildə bu göstərici təxminən 260 milyard dollar təşkil edir”,
– deyə o bildirib.
O, həmçinin “Oracle”, “Microsoft”, “Amazon”, “Google” və “Meta”
da daxil olmaqla iri texnologiya şirkətlərinin planlaşdırılan
investisiyalarına dair məlumatları diqqətə çatdırıb. Onun sözlərinə
görə, bu şirkətlər cari ildə data-mərkəzlərin infrastrukturuna
təxminən 600 milyard dollar yönəldə bilərlər.
F.Cəfərov bildirib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına
əsasən, data-mərkəzlərin enerji istehlakı 2030-cu ilədək iki
dəfədən çox arta və bütövlükdə Yaponiyanın enerji istehlakı ilə
müqayisə oluna biləcək səviyyəyə çata bilər.
O qeyd edib ki, süni intellekt iqtisadiyyatının inkişafında əsas
məhdudlaşdırıcı amil ideya çatışmazlığı deyil, enerjiyə
çıxışdır.
F.Cəfərovun sözlərinə görə, Azərbaycanda son üç ildə
2026-2029-cu illər üçün rəqəmsal iqtisadiyyat strategiyası
hazırlanıb. Bu strategiya çərçivəsində rəqəmsal transformasiya
prosesində 300-dən çox yerli şirkət və kiçik və orta sahibkarlıq
subyektinin dəstəklənməsi planlaşdırılır.
Onun sözlərinə görə, rəqəmsal transformasiya yalnız
texnologiyaların tətbiqini deyil, həm də biznes proseslərinin,
düşüncə tərzinin dəyişməsini, insan kapitalına və infrastruktura
investisiyaları əhatə edir.
F.Cəfərov qeyd edib ki, Azərbaycan energetikanı şaxələndirmənin
əsas amillərindən biri kimi nəzərdən keçirir və özünü enerji
təchizatçısı, data-mərkəzlərin və texnologiya şirkətlərinin
yerləşdirilməsi üçün platforma kimi mövqeləndirə bilər.
O, SOCAR-ın “Haimaker” və “Oracle” şirkətləri ilə Azərbaycanda
data-mərkəzlərin yaradılması üzrə sazişlər imzaladığını bildirib.
F.Cəfərov qeyd edib ki, SOCAR enerji şirkətindən hesablama
texnologiyaları və süni intellekt sahəsinə investisiyalarla bağlı
struktura transformasiya olunur.
F.Cəfərov həmçinin rəqəmsal infrastrukturun inkişafını, o
cümlədən Azərbaycanı Avropa və Asiya ilə birləşdirməli olan
Trans-Xəzər fiber-optik kabel layihəsini xüsusi vurğulayıb.

