Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Yevlax rayonunun Əkşəm kəndi ərazisində yol-nəqliyyat qəzasının baş
verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə
məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional
Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Chevrolet”
və “Mercedes” markalı minik avtomobillərinin iştirakı ilə yol qəza
hadisəsinin baş verdiyi və “Mercedes” markalı minik avtomobilinin
sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1966-cı il
təvəllüdlü Miryunis Miryusif oğlu Mahmudovu xilas edərək təcili
tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

