
Putin Trampla telefon danışığı aparıb: Ukrayna, Yaxın Şərq və ikitərəfli münasibətlər müzakirə olunub
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin köməkçisi Yuri Uşakovun sözlərinə görə, təxminən 1 saat 25 dəqiqə davam edən söhbət zamanı tərəflər Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və Rusiya-ABŞ münasibətlərinin perspektivlərini müzakirə ediblər.
Məlumata görə, Putin söhbətin əvvəlində Trampı və ABŞ xalqını ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Rusiya Prezidenti Ukraynadakı vəziyyətlə bağlı ABŞ liderinə məlumat verərək, Rusiya Silahlı Qüvvələrinin cəbhədə irəlilədiyini və yeni yaşayış məntəqələrini nəzarətə götürdüyünü bildirib.
Öz növbəsində Donald Tramp Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında əməkdaşlıq üçün geniş imkanların yarana biləcəyini qeyd edib.
Telefon danışığında Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub. Putin Moskvanın regionda sabitliyin təmin olunmasına yönəlmiş praktiki dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Bundan başqa, Rusiya Prezidenti Trampa Rusiyaya səfər etməsi ilə bağlı qüvvədə olan dəvətini xatırladıb. Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Ukrayna üzrə vasitəçilik səylərini davam etdirəcəklər.
Tərəflər həmçinin Rusiya ilə ABŞ arasında ortaq tarixi məqamları müzakirə edib. Putin Rusiyanın ABŞ dövlətçiliyinin formalaşmasına verdiyi töhfəni, eləcə də İkinci Dünya müharibəsində Moskva ilə Vaşinqtonun müttəfiq olduqlarını xatırladıb.

