
Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümü münasibətilə Nazirliyin tabeliyində olan birlik, birləşmə
və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
Bu barədə Trend-ə Müdafiə
Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından
keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
Dövlət Himni ifa edilib.
Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bütün həyatını xalqına
xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. Onun ölkəmizə
rəhbərlik etdiyi illərdə respublikamız böyük inkişaf yolu keçib,
beynəlxalq aləmdə nüfuzu daha da artıb.
Ulu Öndərin xalqımızın milli şüurunun oyanışı istiqamətində
gördüyü böyük işlər nəticəsində Azərbaycan müstəqil və suveren
dövlət kimi mövcudluğunu təmin edib.
Onun yorulmaz fəaliyyəti nəticəsində bütün sahələrdə olduğu
kimi, ordu quruculuğu prosesində də möhkəm təməl yaradılmış, mühüm
uğurlar qazanılmış və genişmiqyaslı islahatlar həyata
keçirilmişdir. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan
Ordusu bu gün dünyanın ən güclü orduları sırasında layiqli yer
tutmaqdadır.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu
daxili və xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi
dayaqları daha da möhkəmlənib.
Ölkəmiz demokratik dövlət və ordu quruculuğu sahəsində mühüm
nailiyyətlər əldə edib. Hərbi potensialı gündən-günə artan Ordumuz
torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib və
şanlı Zəfər qazanıb.
Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin
müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının
yüksəldilməsi, ordumuzun və dövlətçiliyimizin inkişafı
istiqamətində misilsiz xidmətləri, eləcə də əziz xatirəsi
Azərbaycan Ordusunun şəxsi heyətinin və bütövlükdə xalqımızın
qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.
Silsilə tədbirlər çərçivəsində şəxsi heyətin Heydər Əliyev
Mərkəzlərinə, muzeylərə ziyarəti təşkil olunub, hərbi hissələrdə
Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş
etdirilib.
Sonda vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər
keçirilib.


