Səhiyyə Nazirliyindən peyvəndlərlə bağlı valideynlərə müraciət

Baş səhifə

Bakı. Trend:

Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış
müddətdən asılı olmayaraq immun müdafiəni bərpa etmək
mümkündür.

Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim epidemioloqu Əlcəfər
Cəfərov açıqlayıb.

Onun sözlərinə görə, peyvənd qrafikində yaranan boşluğu
doldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağın
yaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir:




“Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır,
sadəcə qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildə
tamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiə
səviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti ilə
optimallaşdırıla bilər. Hər bir peyvənddən öncə övladınız həkim
tərəfindən fərdi qaydada müayinə olunur və yalnız onun tam
sağlamlığına əmin olduqdan sonra peyvənd qərarı verilir”.

Epidemioloq qeyd edib ki, əsassız qorxulara deyil, mütəxəssis
rəyinə güvənərək övladınızı vaxtında qorumağa tələsin: “Unutmayın
ki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucu xəstəliklərə
yoluxmaqdan, onların ağır fəsadlarından, əlillikdən və ölümdən
qorumağın ən etibarlı yoludur. Peyvəndlənməmiş hər bir uşaq daim
risk altındadır. Övladlarımızın gələcəyini sağlam görmək
istəyiriksə, onları vaxtında peyvənd etdirək”.