
Bakı.Trend:
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino
Agentliyi (ARKA) Nizami Kino Mərkəzinin binasına edilən müdaxilə
ilə bağlı birgə bəyanat yayıb.
Trend birgə
bəyanatı təqdim edir:
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20
ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar
nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya
şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın
fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr
yazıblar.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda
hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin
şəxsiyyəti müəyyənləşdirilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması
və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi,
eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə
yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya
işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması
qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki
məsuliyyət yaradır.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən
mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən
tarixi abidələrdən biridir.
Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan
qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində
tədbirlər görülür.
Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa
çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarla
qarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumat
vermələri xahiş olunur.

