
Bakı. Trend:
Cənubi Qafqaz ölkələrində iqtisadi artımın yaxın iki il ərzində
zəifləyəcəyi gözlənilir.
Trend xəbər verir
ki, bu barədə Dünya Bankının “Global Economic Prospects 2026” adlı
yanvar hesabatında deyilir.
Dünya Bankının proqnozuna görə, Cənubi Qafqazda real ÜDM-in
artımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% olacaq ki, bu da
2025-ci il üçün olan proqnozlardan (3,7%) aşağıdır. Sənəddə qeyd
olunur ki, 2023-cü ildə region iqtisadiyyatı 4% artmış, 2024-cü
ildə isə iqtisadi artım sürətlənərək 5,8%-ə çatmışdır.
“Cənubi Qafqazda artımın 2026-cı ildə 3,3%-ə, 2027-ci ildə isə
3,1%-ə yavaşlaması gözlənilir”,- hesabatda qeyd olunur.
Azərbaycanda iqtisadi fəallığın neft-qaz hasilatının azalması,
dünya bazarında neft qiymətlərinin düşməsi və sərt fiskal siyasət
səbəbindən məhdud olacağı gözlənilir.
Ermənistan və Gürcüstanda isə artımın mülayim yavaşlaması
proqnozlaşdırılır, belə ki, özəl istehlak əvvəlki illərin yüksək
səviyyəsindən normal səviyyəyə qayıdır, həmçinin zəif pul
köçürmələri və ixrac gəlirlərinin azalması cari əməliyyatlar
balansına təzyiq göstərəcək.
Dünya Bankı vurğulayıb ki, 2025-ci ilin avqustunda Ermənistan və
Azərbaycan arasında əldə olunmuş sülh sazişi mətninin
paraflanmasının regional sabitliyi möhkəmləndirəcəyi və iqtisadi
inteqrasiyanı dərinləşdirəcəyi gözlənilir ki, bu da uzunmüddətli
artım perspektivlərinə dəstək olacaq.

