Bakı. Trend:
Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna təklif olunan
dəyişiklikləri təsdiqləyib.
Trend xəbər verir
ki, dəyişikliklərə əsasən, universitet sistemində bəzi ixtisaslar
istisna olmaqla, bakalavr təhsili 3 il, magistr təhsili isə 1 il
davam edəcək.
Akademik ali təhsil çərçivəsində bakalavr proqramı ən azı 180,
magistr pilləsi isə ən azı 60 kreditdən ibarət olacaq.
Əsas yeniliklərdən biri qrant modelinin ləğvidir. Bundan sonra
Gürcüstan vətəndaşları dövlət universitetlərində həm bakalavr, həm
də magistr səviyyəsində tam ödənişsiz təhsil ala biləcəklər, lakin
fakültələr üzrə kvotalar tətbiq ediləcək.
Qanuna dəyişikliklər hökumətin təşəbbüsü ilə hazırlanıb.
Səsvermə zamanı 79 deputat qanunun lehinə, 9 deputat isə əleyhinə
səs verib.
Hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə
təhsil 4 il, magistr pilləsi üzrə isə 2 il davam edir.

