OPEK Fondu Azərbaycanda “yaşıl” layihələr portfelini genişləndirməyi planlaşdırır – əl-Xəlifə (Özəl müsahibə)

Baş səhifə

Bakı. Trend:

OPEK İnkişaf Fondu qarşıdakı illərdə Azərbaycanda “yaşıl”
layihələr portfelini genişləndirməyə hazırlaşır.

Bunu Trend-ə özəl
müsahibədə Fondun prezidenti Əbdülhəmid əl-Xəlifə deyib.

Onun sözlərinə görə, OPEK Fondu Mərkəzi Asiya ölkələrinə
göstərilən dəstəyin həcmini artırır. Hazırda fondun öhdəliklərinin
ümumi dəyəri 1 milyard ABŞ dollarını ötür və buna dövlət və özəl
sektor kreditləri, eləcə də qrantlar daxildir.

“Bundan əlavə, Fond Azərbaycandakı fəaliyyətini genişləndirməyi
planlaşdırır və yaxın üç il ərzində inkişaf layihələrinin
maliyyələşdirilməsi üçün 1 milyard ABŞ dollarına qədər vəsait
ayıracaq. Bu vəsait su təchizatı və sanitariya sistemlərinə yeni
investisiyaların dəstəklənməsi, nəqliyyat infrastrukturunun
inkişafı və dayanıqlı, müasir şəhərlərin yaradılması məqsədilə
ayrılacaq”,- deyə Əbdülhəmid əl-Xəlifə bildirib.

O qeyd edib ki, fondun regiondakı əsas vəzifəsi ölkələrin
dayanıqlı və inklüziv inkişafına töhfə vermək, maliyyə və texniki
resurslarını regionun prioritetlərinə və hər bir ölkənin konkret
ehtiyaclarına yönəltməkdir.

“Biz üç qarşılıqlı əlaqəli məqsədə çatmağa çalışırıq. Birincisi,
nəqliyyat, enerji və su infrastrukturunun əlaqəliliyini artırmaqla
yeni iqtisadi imkanlar açmaqdır. İkincisi, enerji keçidinə və iqlim
dəyişikliyinə qarşı dayanıqlığın gücləndirilməsinə əhəmiyyətli
töhfə verməkdir. Üçüncüsü isə özəl sektorun maliyyələşdirilməsini
artırmaq və kiçik və orta müəssisələrin dayanıqlı və inklüziv gəlir
mənbələrinə çıxışını genişləndirməkdir”, – deyə o əlavə edib.

Əbdülhəmid əl-Xəlifə vurğulayıb ki, fond regionun insanları və
iqtisadiyyatı üçün uzunmüddətli müsbət təsir göstərməyə
çalışır.

“Biz artıq Qazaxıstan və Türkmənistanla (2024-cü ildə
imzalanıb), eləcə də Azərbaycanla (2025-ci ildə imzalanıb) yeni
çərçivə tərəfdaşlıq sazişləri bağlamışıq. Bundan başqa,
Tacikistanla 100 milyon ABŞ dolları məbləğində kreditin verilməsini
və 3600 MVt gücündə Roqun Su Elektrik Stansiyasının tikintisinin
birgə maliyyələşdirilməsini nəzərdə tutan Çərçivə Maliyyələşdirmə
Memorandumu qüvvədədir. Tikinti başa çatdıqdan sonra 335 metr
hündürlüyə malik bənd dünyada ən yüksək bənd olacaq”, – deyə o
bildirib.

Fondun prezidenti vurğulayıb ki, son illərdə Azərbaycan büdcə
idarəçiliyinin səmərəliliyi və iri infrastruktur investisiyaları
sayəsində əhəmiyyətli iqtisadi artıma nail olub.

“Bu irəliləyişi əsas götürərək, məqsədimiz ölkəyə
iqtisadiyyatını dayanıqlı inkişaf istiqamətində şaxələndirməkdə
kömək etmək, özəl sektoru maliyyə resurslarına çıxışın
yaxşılaşdırılması və yerli və beynəlxalq tərtibatçılarla əməkdaşlıq
çərçivəsində bərpa olunan enerji sahəsində potensialın artırılması
yolu ilə gücləndirməkdir”, – deyə o qeyd edib.

Əbdülhəmid əl-Xəlifə əlavə edib ki, OPEK Fondu ilə Azərbaycan
hökuməti arasında 2025-ci ilin iyun ayında imzalanmış Ölkə üzrə
Tərəfdaşlıq Çərçivə Proqramı orta müddətli əməkdaşlıq
prioritetlərini müəyyənləşdirir.




Bu proqram bərpa olunan enerji mənbələrinin inkişafına, müasir
və dayanıqlı infrastrukturun yaradılmasına, su təchizatı və
sanitariya sistemlərinin təkmilləşdirilməsinə, nəqliyyat
əlaqələrinin inkişafına, özəl sektorun dəstəklənməsinə və rahat
şəhər mühitinin formalaşdırılmasına yönəlib.

“Hazırda biz tərəfdaşlarımızla birlikdə bu sahələrdə investisiya
paketinin müəyyənləşdirilməsi və hazırlanması üzərində işləyirik,
layihələrin Azərbaycanın milli inkişaf və iqlim strategiyalarına
tam uyğunluğunu təmin edirik”,- deyə o bildirib.

Əbdülhəmid əl-Xəlifə qeyd edib ki, 1 milyard ABŞ dollarına qədər
yeni maliyyələşdirmə təmiz suya və sanitariyaya çıxışın
genişləndirilməsi, nəqliyyat şəbəkələrinin və şəhər xidmətlərinin
təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, eləcə də
dayanıqlı mobillik və infrastrukturun dəstəklənməsi üçün istifadə
olunacaq – bunlar inklüziv, “yaşıl” və dayanıqlı şəhərlərin əsas
elementləridir.

“Biz, həmçinin, innovasiyaların və məşğulluğun əsas
hərəkətverici qüvvəsi olan özəl sektoru, xüsusilə mikro, kiçik və
orta biznesi dəstəkləməyə davam edəcəyik. Texniki yardım və
potensialın artırılması tədbirləri bu investisiyaları tamamlayacaq,
milli qurumlara layihələri effektiv şəkildə planlaşdırmaq və həyata
keçirməkdə kömək edəcək”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, səfər zamanı ölkədə artıq həyata keçirilən
əsas layihələrdən biri – Səudiyyə Ərəbistanının “ACWA Power”
şirkəti tərəfindən hazırlanmış və OPEK Fondunun 50 milyon ABŞ
dolları həcmində krediti hesabına birgə maliyyələşdirilən
Qobustandakı “Area-1” külək elektrik stansiyasına yatırılan
investisiyaların effektivliyini görmək imkanı olub.

“Bu obyekt 240,5 MVt gücündə Xızı–Abşeron külək energetikası
layihəsinin bir hissəsidir və bu, Azərbaycanda bərpa olunan enerji
mənbələri sahəsində ilk iri miqyaslı müstəqil investisiyadır.
Layihə ildə 907 QVt- saat təmiz elektrik enerjisi istehsal etməyə,
300 mindən çox ev təsərrüfatını enerji ilə təmin etməyə və illik
karbon qazı emissiyalarını təxminən 400 min ton azaltmağa imkan
verir”, – deyə o bildirib.

Əbdülhəmid əl-Xəlifə vurğulayıb ki, OPEK Fondunun Azərbaycanın
“yaşıl” enerji keçidinə dəstəyi məqsədyönlü və sistemlidir. Artıq
“yaşıl keçid” planının hazırlanmasına dair texniki yardım proqramı
işə salınıb və bu çərçivədə fond hökumətə islahatların
hazırlanmasında, investisiya imkanlarının qiymətləndirilməsində və
ekoloji baxımdan dayanıqlı infrastrukturun qurulması potensialının
gücləndirilməsində kömək göstərir. Həmçinin, “ACWA Power” şirkəti
ilə əməkdaşlıq davam edir və ölkədə iqlim yönümlü investisiyaların
genişləndirilməsi istiqamətində fəal iş aparılır.

“OPEK Fondu təmiz enerji, infrastruktur və dayanıqlı gəlir
mənbələri sahələrinə vəsait cəlb etməyə davam edəcək. Biz
Azərbaycanı yalnız indi deyil, qarşıdakı illərdə də “yaşıl”
layihələr portfelinin genişləndirilməsi istiqamətində
dəstəkləyəcəyik. Azərbaycan hökuməti, özəl sektor, eləcə də Ərəb
Koordinasiya Qrupu və digər çoxtərəfli təşkilatlar da daxil olmaqla
beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açığıq ki, ölkənin effektiv,
genişmiqyaslı və dayanıqlı “yaşıl” keçidini təmin edək”, – deyə o
vurğulayıb.

Qeyd edək ki, OPEK Fondunun Azərbaycanla tərəfdaşlığı 2003-cü
ildən başlayıb və kənd təsərrüfatı, energetika, infrastruktur və
özəl sektorun inkişafı sahələrində layihələrin dəstəklənməsini
əhatə edir.

OPEK Fondu – müstəsna olaraq üzv ölkələrdən toplanan vəsait
hesabına OPEK-ə daxil olmayan ölkələrə maliyyə dəstəyi göstərən
qlobal mandatlı yeganə beynəlxalq təşkilatdır. Qurum inkişaf
etməkdə olan ölkələrlə və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq
edərək, aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımı və sosial
tərəqqini təşviq edir.