
Bakı. Trend:
Prezident İlham Əliyevin dövlət dili ilə bağlı çağırışı
yerindədir və biz öz işimizi bu istiqamətdə qurmalıyıq.
Trend xəbər
verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı
direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında
deyib.
O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi
münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan
dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirdi:
“Alimlər, yazıçılar, şairlər, dövlət qulluqçuları və xüsusilə də
jurnalistlərə Azərbaycan dilinin saflığının qorunması və
yaşadılması ilə bağlı çağırış etdi. Cənab Prezident İlham Əliyevin
fikirlərindən çıxış edərək bu gün mediada dilin inkişafına həsr
olunmuş bir konfrans təşkil etmişik. Konfransın əsas mövzusu
mediada Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlıdır.
Bu tədbirdə iki panel müzakirəsi keçiriləcək. Birinci paneldə
televiziya və radioda Azərbaycan dilinin tətbiqi ilə bağlı
mütəxəssislər tərəfindən müzakirələr aparılacaq. İkinci paneldə isə
internet və onlayn mediada dilin problemləri və yeni çağırışlar
barədə fikirlər bölüşüləcək”.
“Hesab edirik ki, Cənab Prezident İlham Əliyevin dövlət dili ilə
bağlı çağırışı yerindədir və biz öz işimizi bu istiqamətdə
qurmalıyıq. Azərbaycan dili təkcə gündəlik ünsiyyət vasitəsi deyil,
fəlsəfi, elmi və publisistik fikirləri yüksək səviyyədə ifadə edə
bilən zəngin bir dildir. Məhz bu səbəbdən media dilin qorunmasında
mühüm rol oynayır. Çünki Azərbaycan dili əsasən məhz mediada işlək
vəziyyətdədir. Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyət
qoyur. Bundan sonra da çalışmalıyıq ki, Azərbaycan dilinin
saflığını qoruyaq, onu yad təsirlərdən uzaq tutaq və gələcək
nəsillərə layiqincə çatdıraq”,- deyə o əlavə edib.

