
Bakı. Trend:
Qarşıdakı 5–10 il Azərbaycan üçün böyük investisiyaların cəlbi
və yeni iqtisadi artım baxımından unikal imkan pəncərəsi açır ki,
bu da qlobal ticarət və investisiya şəraitində baş verən mühüm
dəyişikliklər sayəsində mümkün olur.
Trend xəbər verir
ki, bu barədə “Boston Consulting Group (BCG)” hesabatında qeyd
olunur.
Hesabata əsasən, artıq 2025–2029-cu illərdə iqtisadi artım
hədəflərinə nail olmaq üçün ölkəyə əlavə təxminən 60 milyard dollar
tələb olunacaq.
“Regional ticarət-iqtisadi inteqrasiyanın dərinləşdirilməsi
Xəzər–Mərkəzi Asiya regionu ölkələrinin (XMA – Azərbaycan,
Özbəkistan, Qazaxıstan və Qırğızıstan) qlobal investisiyalar
uğrunda rəqabətdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək –
bu isə həm birgə bazarın miqyasının genişlənməsi, həm də daha açıq
və əlverişli biznes mühitinin formalaşması hesabına mümkün
olacaq.
Yeni şəraitdə Azərbaycan üçün investisiya potensialının
reallaşdırılması, eləcə də energetika, logistika və ticarət
sahələrində üstünlüklərin səmərəli istifadəsi baxımından əlavə
imkanlar açılır”, – BCG analitikləri qeyd edirlər.
“Azərbaycan qlobal investisiya və ticarət meyillərindəki
dəyişikliklərdən istifadə edərək investisiyaların həcmi və
xarakterində keyfiyyətli sıçrayış edə bilər. Bu gün ölkənin ənənəvi
ixrac modellərindən kənara çıxaraq yeni sahələrdə – emal,
logistika, texnologiyalar və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə
strateji tərəfdaşlıqlar qurmaq imkanı var. Bunun üçün dövlət və
biznesin əlaqələndirilmiş səyləri tələb olunur. Əsas vəzifə –
xammal hasilatına yönəlmiş sövdələşmələrdən ölkə daxilində
uzunmüddətli dəyər yaradan tərəfdaşlıqlara keçməkdir”, – idarəedici
direktor və tərəfdaş, BCG-nin Bakıda ofisinin rəhbəri Stanislav
Yankeleviç bildirib.


