Avropa Parlamenti “COP29 Bakı Çağırışını” qlobal iqlim gündəliyinin əlamətdar hadisəsi kimi qiymətləndirib

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamenti ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunmuş
Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışını
(Bakı Çağırışı) iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsində
qlobal gündəliyin irəliləməsində mühüm mərhələ olduğu
qənaətindədir.

Trend xəbər
verir ki, Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransı
ilə bağlı Parlamentin qəbul etdiyi xüsusi qətnamədə “iqlim, sülh və təhlükəsizlik
gündəliyinə artan diqqət COP konfranslarında öz əksini tapmış,
xüsusilə COP29 zamanı “Sülh, Yardım və Bərpa üçün İqlim
Fəaliyyətinə dair Bakı Çağırışı”nın qəbul olunması ilə aydın
şəkildə nümayiş olunmuşdur” deyə qeyd edilir.

Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının iqlim
dəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım,
sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlı
əlaqələrin həlli istiqamətində qlobal səyləri birləşdirən mühüm
beynəlxalq təşəbbüs kimi artan əhəmiyyətini bir daha təsdiq
edir.

Eyni zamanda, bu qiymətləndirmə Azərbaycanın qlobal iqlim
diplomatiyasında lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətində
sülhə və dayanıqlı inkişafa verdiyi mühüm töhfənin bariz
göstəricisidir.

COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə təqdim edilmiş Bakı
Çağırışı dünyanın 50-dən artıq dövlətini və beynəlxalq təşkilatını,
iqlim və inkişaf maliyyəsi üzrə təsisatlarını, həmçinin 300-dən
artıq vətəndaş cəmiyyəti institutlarını və elmi qurumları bir araya
gətirərək, xüsusilə ən az inkişaf etmiş və kiçik ada dövlətlərində
dayanıqlılığın, sülhün və iqlim ədalətinin təşviqi məqsədilə birgə
öhdəlikləri ehtiva edir.

Bununla yanaşı ölkəmizin COP29-a Sədrliyi dövründə BMT-nin Baş
Assambleyası kimi mötəbər platformalarda keçirtdiyi yüksək
səviyyəli tədbirlər, Bakı Çağırışına əsasən təsis edilmiş Bakı
İqlim və Sülh Fəaliyyəti Mərkəzinin iqlim fəaliyyəti və sülh
sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin iqlim
dəyişikliyi və münaqişələrin təsirinə məruz qalan ölkələrin
dəstəklənməsi sahəsində istiqamətverici çərçivə mexanizmi olduğuna
dəlalət edir.

Ölkəmizin bu ilin noyabr ayında Braziliyanın Belem şəhərində
keçiriləcək COP30 iştirakı çərçivəsində, Bakı Mərkəzi tərəfindən
İllik Yüksəksəviyyəli Dialoq təşkil ediləcəkdir. İqlim
diplomatiyasının lider ölkələrinin dövlət rəsmiləri, beynəlxalq
təşkilatların və ekspert mərkəzlərinin nümayəndələrini bir araya
gətirərək tədbirdə Bakı Çağırışının qoyduğu hədəflərdən irəli gələn
konkret fəaliyyətlərə start verilməsi gözlənilir.