
Bakı. Trend:
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü
münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri – “Daşkəsən
Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbər heyəti Fəxri
xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin
ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Ziyarət çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə
Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyularaq
onun elmi irsinə və insanlığa xidmət edən zəngin həyat yoluna
hörmət ifadə olunub.
Daha sonra ziyarətçilər Şəhidlər xiyabanına gedərək Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin
məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin
minnətdarlıq və ehtiramla anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il
tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5 iyul
2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə
başlayıb. Artıq 10 ildir Azərbaycanın yeraltı sərvətlərinin
səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət
göstərən Səhmdar Cəmiyyəti faydalı qazıntı yataqlarının kəşfi,
tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq
bazarlarda satışı ilə milli iqtisadiyyata və sosial inkişafa
davamlı töhfələr verir.

