“Suqovuşan” KSES-lərində 5 ildə 62 milyon kVt-saata yaxın elektrik enerjisi istehsal edilib

Baş səhifə

Bakı. Trend:

“Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında
(KSES) yenidənqurmadan sonra ötən beş il ərzində ümumilikdə 61,6
milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2021-ci il oktyabrın 3-də Tərtər çayı üzərində
yerləşən “Suqovuşan-1” və “Suqovuşan-2” KSES-lərinin
yenidənqurmadan sonra açılışı olub. “Suqovuşan-1” KSES-in ümumi
gücü 4,8 MVt, “Suqovuşan-2” KSES-in gücü isə 3 MVt təşkil edir.

Yenidənqurmadan sonra bu ilin oktyabr ayınadək “Suqovuşan-1”
KSES-də 34,2 milyon kilovat-saat, “Suqovuşan-2” KSES-də isə 27,4
milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Nazirlikdən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə
bərpa olunan enerji mənbələrinin yaradılması “yaşıl enerji”
sahəsinin inkişafına, ətraf mühitin qorunmasına və təmiz şəhər
mühitinin formalaşmasına töhfə verir.

Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki
potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir.
Ölkənin iqtisadi potensialı 27 QVt təşkil edir. Bunun 3 QVt-ı
külək, 23 QVt-ı günəş enerjisinin payına düşür. Bioenerji
potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində
qiymətləndirilir.

“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən
sonra Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ümumi güc 2
170 MVt-a, stansiyaların sayı isə 85-ə çatıb. Onlardan 65-i su
elektrik stansiyasıdır və ümumi gücü 1 443,5 MVt təşkil edir.
Ölkədə, həmçinin, 6 külək elektrik stansiyasının 306,5 MVt, 10
günəş elektrik stansiyasının 378,2 MVt, 3 hibrid elektrik
stansiyasının 7,3 MVt və 1 biokütlə elektrik stansiyasının 37 MVt
gücü var.




Beləliklə, bərpa olunan enerji mənbələrinin payı Azərbaycanın
ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci
ilin sonunadək ölkədə ümumi gücü təxminən 1,5 QVt olan bərpa olunan
enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin
yanvar-avqust aylarında Azərbaycanda su elektrik stansiyalarında
2,499 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 242 milyon kilovat-saat və ya
10,7 faiz çoxdur.

Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda 2 milyard 373,3 milyon manat
dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə bu
göstərici 448,5 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin
yanvar-avqust aylarında Azərbaycandan 16,629 milyon ABŞ dolları
dəyərində 319,040 milyon kilovat-saat elektrik enerjisi ixrac
edilib.

Trend-in
komitənin məlumatları əsasında hesablamasına görə, ötən ilin eyni
dövrü ilə müqayisədə elektrik enerjisi ixracı dəyər ifadəsində
36,105 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcm ifadəsində isə
600,885 milyon kilovat-saat və ya 2,9 dəfə azalıb.

Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru
ixracındakı payı 0,26 faiz təşkil edib.