
Bakı.Trend:
Türkiyədə İstanbul Baş Prokurorluğunun Qanunsuz Mərc
oyunları və İdman Cinayətləri Bürosunun apardığı “Hakimlər işi”
üzrə istintaq davam edir.
“Haber7″nin məlumatına görə, istintaq çərçivəsində
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin
(MHK) sədri Ferhat Gündoğdu, TFF Fəal Hakimlər Dərnəyinin sədri
Ferdi Karadoruk, MHK-nın sabiq üzvü Yunus Yıldırım, TFF Hakimləri
və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin məsul şəxsi Alican
Sağlar və İstanbul İl Hakimlər Komitəsinin sədri Emre Kosif
barəsində həbs qətimkan tədbiri seçilib.
Ahmet Şahin və Sebahattin Şahin isə xaricə çıxış
qadağası qoyulmaqla məhkəmə nəzarəti altında sərbəst
buraxılıblar.
Prokurorluğun məlumatına görə, araşdırma zamanı hakim
və müşahidəçilərin obyektiv əsas olmadan təsnifatdan çıxarılması,
təyinat və qiymətləndirmə proseslərinə müdaxilə edilməsi,
hakimlərin şəxsi və sosial əlaqələrinə əsasən qruplaşdırılması,
2025-ci ildə Riva şəhərində keçirilən imtahanda bəzi sənədlərin
dəyişdirilməsi və MHK sədri Ferhat Gündoğdunun bir hakimi
hədələməsi ilə bağlı sübut və ifadələr əldə edilib.
İstintaq çərçivəsində şübhəlilər vəzifədən
sui-istifadə, hədələmə, rəsmi sənəddə saxtakarlıq, etimaddan
sui-istifadə və şəxsi məlumatların qanunsuz qeydə alınması kimi
cinayətlərdə şübhəli bilinirlər.

