Bakı. Trend:
Ağ Evin süni intellekt (Sİ) üzrə yeni işçi qrupu dörd ay ərzində
bu texnologiyanın riskləri və imkanları barədə hesabat
hazırlayacaq, həmçinin federal hökumətin bu sahədə məsuliyyətini
müəyyənləşdirəcək.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat
yayıb.
ABŞ Milli Kəşfiyyat direktoru, Superintellekt Qüvvələrinə
rəhbərlik edən Cey Kleyton nəşrə bildirib: “Prezident [ABŞ
Prezidenti Donald Tramp] bizim superintellekt sahəsində lider
olaraq qalmağımızı və Amerika vətəndaşlarının maraqlarının hər
şeydən üstün olmasını təmin edəcək qrupun yaradılmasını
tapşırıb”.
WSJ-nin Ağ Evdəki mənbəsinin sözlərinə görə, bu, faktiki olaraq
Kleytonun ölkədə süni intellektin inkişafına cavabdeh şəxs olacağı
deməkdir. Qeyd olunur ki, işçi qrup mümkün risklərə ilk növbədə Sİ
sənayesi nümayəndələrinin özlərinin nəzarət etməli olduğu
prinsipindən çıxış edəcək.
“Digər sənaye sahələrində olduğu kimi, dialoq çərçivəsində bunun
üçün mexanizmlərin hazırlanacağını gözləyirəm”, – deyə Kleyton
bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi işçi qrup
qanunvericiliyi araşdıracaq və ABŞ Konqresinin görə biləcəyi
tədbirləri müzakirə edəcək.

