Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Aviasiya Akademiyası (MAA) “ADEX 2026” – 6-cı Azərbaycan
Beynəlxalq Müdafiə Sərgisində aviasiya və müdafiə sənayesi
sahəsində hazırladığı innovativ layihələrlə təmsil olunub.

Sərgi çərçivəsində Milli Aviasiya Akademiyasının mühəndis və
tələbələri tərəfindən hazırlanmış müxtəlif təyinatlı pilotsuz uçuş
aparatları (PUA), eləcə də aviasiya sahəsində tətbiq olunan müasir
proqram təminatları nümayiş etdirilib.

Təqdim olunan layihələr arasında MAA-nın Elm-İstehsalat Birliyi
və “PUA-ların işlənib hazırlanması laboratoriyası”nın mühəndisləri
tərəfindən işlənib hazırlanmış innovativ test-diaqnostika
qurğuları, hərbi təyyarələr üçün rəqəmsal qeydiyyat qurğusu,
qumbaraatan simulyatoru, kabelaxtaran qurğu və müxtəlif təyinatlı
PUA-lar yer alıb. Həmçinin MAA ilə müxtəlif şirkətlərin əməkdaşlığı
çərçivəsində hazırlanmış MAS Engineering şirkətinin interseptor
tipli PUA-ları, Türkiyənin “Orgsintez” şirkətinin termal örtükləri
və “Türelsan” şirkətinin ağır yükdaşıyan dronu nümayiş
etdirilib.




Sərgi ziyarətçilərinə MAA-da həyata keçirilən elmi-tədqiqat və
mühəndislik işləri, PUA-ların texniki parametrləri, eləcə də
hazırlanmış proqram təminatlarının funksional xüsusiyyətləri barədə
məlumat verilib. Layihələrin bir qismi xüsusi videoçarxlar
vasitəsilə nümayiş etdirilərək qurğuların iş prinsipləri və uçuş
aparatları modellərinin uçuş-texniki imkanları əyani şəkildə təqdim
edilib və ziyarətçilərin böyük marağına səbəb olub.

MAA-nın “ADEX 2026” sərgisində iştirakı aviasiya sahəsində yerli
mühəndislik potensialının, innovativ texnologiyaların və
elmi-texniki nailiyyətlərin nümayişinə xidmət edir.