Bakı. Trend:
İran ballistik raketlər və digər silahların istehsalı üçün lazım
olan bütün imkanlarını qoruyub saxlayıb.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
Aerokosmik Qüvvələri komandanının müşaviri, briqada generalı Əli
Bəlali bildirib.
“İranda silah və raket istehsalı üçün təchizat zənciri tamamilə
toxunulmaz olaraq qalır”, – deyə o, dövlət KİV nümayəndələri ilə
söhbətində bildirib.
O qeyd edib ki, İranın müdafiə istehsalı üçün zəruri olan heç
bir sahədə problemi yoxdur. General əlavə edib ki, raketlərin
istehsalı üçün bütün komponentlər ölkə daxilində hazırlanır və
hətta ixrac edilə bilər.
“Biz mübarizəni lazım olduğu qədər davam etdirə bilərik”, – deyə
iranlı general vurğulayıb.

