Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Baş səhifə

Bakı. Trend:

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür.

Azərbaycan Ordusunun sentyabrın 27-də başlayan əks-hücum
əməliyyatı nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan
işğalından azad edilib.

Döyüşlərin ilk günündə Azərbaycan Ordusu cəbhə xəttini yararaq
düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl
rayonunun bir çox kəndi işğaldan azad olunub. Oktyabrın 4-də
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğaldan azad
edildiyini elan edib.

Prezident müraciətində bildirib ki, oktyabrın 4-də Cəbrayıl
şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli,
Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və
Cəfərabad da işğaldan azad edilib. Cəbrayıl 44 günlük Vətən
müharibəsində işğaldan azad edilən ilk rayon olub. Cəbrayıl
əməliyyatı nəticəsində Ermənistan ordusunun canlı qüvvəsinin və
hərbi texnikasının əhəmiyyətli hissəsi məhv edilib. Oktyabrın 4-ü
tarixə Cəbrayılın işğaldan azad edildiyi gün kimi düşüb.

Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə”
medalı təsis edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun
işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında
iştirak edən, şəxsi igidlik və şücaət göstərən Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın
azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 4-ü Cəbrayıl
Şəhəri Günü elan edilib.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə ermənilər
Cəbrayıl şəhərini və kəndləri dağıdıb, mədəni, tarixi və dini
abidələri, qəbiristanlıqları məhv edib, ekoloji terror
törədiblər.