30 milyon ton neft məhsulları: Azərbaycan enerji sektorunda rolunu necə genişləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hazırda ildə 30 milyon tona qədər neft məhsullarını
emal etmək imkanına malikdir. Söhbət yalnız ölkə daxilindəki
güclərdən getmir. Bu həcmin təxminən 7 milyon tonu Azərbaycandakı
emala, daha 23 milyon tonu isə SOCAR-ın iştirakı ilə alınmış və ya
yaradılmış xarici müəssisələrdəki emala düşür.

Prezident İlham Əliyev bu rəqəmi ölkənin enerji siyasətinin
nəticələrindən danışarkən oktyabrın 2-də Yeni Azərbaycan
Partiyasının VIII qurultayında açıqlayıb. Bu baxımdan 30 milyon ton
göstəricisi həmin siyasətə bir qədər fərqli miqyasda nəzər salmağa
imkan verir — təkcə neft və qaz hasilatı və ixracının həcmləri
deyil, həm də xaricdə yaradılmış emal infrastrukturu
vasitəsilə.

Dövlət başçısı qeyd edib ki, artıq müxtəlif ölkələrdən
Azərbaycana neft məhsullarının tədarükü ilə bağlı müraciətlər daxil
olur.

Məhz buna görə 30 milyon ton göstəricisi bir müəssisənin deyil,
paylanmış sistemin göstəricisidir. Prezidentin sözlərinə görə, bu
güclər üç məkanda yerləşir: bir zavod sıfırdan tikilib, digər ikisi
isə satın alınıb. Belə model SOCAR-ın müxtəlif bazarlarda fəaliyyət
imkanlarını genişləndirir və bir ölkədən və ya bir istehsal
obyektindən asılılığı azaldır.

Emal ixrac strategiyasının dayağı kimi

SOCAR-ın xarici aktivləri şirkətə təkcə hasilat sahəsində deyil,
həm də enerji zəncirinin sonrakı mərhələlərində fəaliyyət
göstərməyə imkan verir. Türkiyədə STAR neft emalı zavodu 2018-ci
ilin oktyabrından fəaliyyət göstərir. Zavod neft emalını neft-kimya
məhsullarının istehsalı ilə əlaqələndirir və SOCAR-ın regiondakı
fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin mayında SOCAR İtaliyanın Italiana Petroli
şirkətinin səhmlərinin 99,82 faizinin alınmasını başa çatdırıb. IP
Group İtaliyada iki neft emalı müəssisəsinə, anbar güclərinə və
geniş pərakəndə satış şəbəkəsinə malikdir. Bu, sadəcə istehsal
güclərinin alınması deyil: inteqrasiya olunmuş infrastruktur
şirkətə saxlama, logistika və son satış bazarına çıxış imkanı
verir.

Bununla yanaşı, xaricdə emal daxili istehsal imkanlarından
imtina demək deyil. Daha çox söhbət bir-birini tamamlayan
həlqələrdən gedir: Azərbaycanda hasilat və emal xaricdəki istehsal
və satış aktivləri ilə birləşir. Belə struktur tələbat və logistika
dəyişikliklərinə daha çevik reaksiya verməyə imkan yaradır.

Artan tələbat və enerji təhlükəsizliyi

Prezident çıxışında Azərbaycanın ixrac perspektivlərini dünyada
davam edən geosiyasi qeyri-sabitlik və tədarükdə fasilə riskləri
ilə əlaqələndirib.

“Yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün
bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə
bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya
miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir
və ixrac edir – xam neft, neft məhsulları, təbii qaz, elektrik
enerjisi, neft-kimya məhsulları və gübrələr. Bunların da istehsalı
üçün əsas mənbə enerjidir.

Bu gün xüsusilə neft məhsulları ilə bağlı yaşanan böhran
əfsuslar olsun ki, yəqin daha da dərinləşəcək. Çünki bu böhranın
iki mənbəyi var, biri bizim Şimalımızda, ikincisi isə Körfəz
bölgələrində – Cənubda. Artıq ənənəvi təchizatçılar bəziləri daxili
tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar”, – dövlət
başçısı deyib.

Bu məntiqə görə, enerji təhlükəsizliyi istehlakçı ölkələrin
milli təhlükəsizliyinin bir hissəsinə, tədarükün etibarlılığı isə
xarici siyasət baxımından əhəmiyyətli amilə çevrilir. Azərbaycan
artıq Cənub Qaz Dəhlizi vasitəsilə, əsasən Avropa ölkələri olmaqla,
16 ölkəyə qaz ixrac edir. Trans-Adriatik qaz kəməri ilə qaz
nəqlinin həcmi 60 milyard kubmetrə çatıb.

2026-cı ilin yanvar-avqust ayları üzrə statistika ixrac
axınlarının miqyasını göstərir: bu dövrdə Azərbaycandan 14,678
milyon ton xam neft və neft məhsulları ixrac edilib və onların
dəyəri 9,282 milyard dollar təşkil edib. Qaz ixracı 16,378 milyard
kubmetr olub və 5,711 milyard dollar gəlir gətirib. Təbii qaz
hesabat dövründə ölkənin ümumi ixracının 26,18 faizini təmin edib.
Bu göstəricilər Azərbaycanın rolunun bir məhsula deyil, bir neçə
enerji istiqamətinə əsaslandığı fikrini tamamlayır.

AÇG: Yetkin yatağın idarə olunması və yeni hasilat
mənbələri

Bu strategiyada “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku xüsusi yer
tutur. 1997-ci ilin noyabrında kommersiya hasilatının
başlanmasından 2026-cı ilin birinci yarısının sonunadək blokda
təxminən 4,6 milyard barel neft hasil edilib. Həmçinin dövlətə 63
milyard kubmetr səmt qazı təhvil verilib.

AÇG işlənmənin yetkin mərhələsindədir və neft hasilatının təbii
azalması 30 ildən artıq müddətdə istismar olunan yataq üçün
gözlənilən prosesdir. Buna görə də qarşıda duran vəzifə sadəcə
hasilat həcmini artırmaqdan ibarət deyil. Qalıq ehtiyatların daha
səmərəli çıxarılması, texnologiyalar və yeni layihələr hesabına
hasilatın qorunması vacibdir.

2026-cı ildə bp AÇG-də neftvermənin artırılması üzrə iki pilot
layihəyə — BrightWater və IWAG-a başlayıb. Onlar layda qalan neftin
çıxarılmasına yönəlib. Hasilat dinamikasının idarə olunması üçün
seysmik tədqiqatların, quyuların, istehsal göstəricilərinin və
geoloji modellərin məlumatlarından istifadə edilir. 2026-cı ilin
birinci yarısında AÇG çərçivəsində fəaliyyətə kapital qoyuluşları
təxminən 733 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.

Eyni zamanda, aktivin özünün profili də dəyişir. İyun ayında
AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb. Onun çıxarıla bilən
ehtiyatları təxminən 4 trilyon kubfut həcmində qiymətləndirilir və
bu göstəricinin 6 trilyon kubfutadək artırılması mümkündür. Bu,
blokun əhəmiyyətini ənənəvi neft hasilatından kənara
genişləndirir.

Əlavə potensial ACE platforması ilə bağlıdır. Hasilatın
başlanmasından iki il sonra, 15 aprel 2026-cı il tarixinədək
platformadan 2,1 milyon ton neft hasil edilib. Təxminən 6 milyard
dollar dəyərində olan layihə sutkada 100 min barelədək hasilat
gücünə hesablanıb, istismar dövründə ümumi hasilatın isə 300 milyon
barelə çatacağı gözlənilir.

Yeni layihələr — gələcəyə hazırlıq

Enerji strategiyasının sabitliyi təkcə mövcud aktivlərdən deyil,
həm də resurs bazasının genişləndirilməsi imkanından asılıdır. Bu
baxımdan Prezidentin qeyd etdiyi müqavilələr, o cümlədən xarici
neft aktivlərinin alınması və hasilat üzrə yeni sazişlər mühüm
əhəmiyyət daşıyır.

Sentyabrın 25-26-da Bakıda keçirilən ikinci Beynəlxalq
İnvestisiya Forumunun əsas qərarlarından biri “Abşeron” yatağının
tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının qəbul
edilməsi olub. İkinci mərhələ qaz və kondensatın sualtı hasilatını
və 140 kilometrlik çoxfazalı boru kəməri ilə Səngəçal terminalına
nəqlini nəzərdə tutur. Layihə pik dövrdə sutkada 12,7 milyon
kubmetrədək qaz — ildə təxminən 4,5 milyard kubmetr — və sutkada 37
min barel kondensat hasil edə bilər. Hasilata 2028-ci ilin sonu və
ya 2029-cu ilin əvvəlində başlanması gözlənilir.

SOCAR, həmçinin ExxonMobil şirkəti ilə Orta Kür hövzəsində
qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və
işlənməsi barədə razılığa gəlib. Tərəflərin hər birinin payı 50
faiz olacaq, layihənin operatoru ExxonMobil olacaq. Bu saziş
işlənməsi xüsusi yanaşmalar tələb edən resursların
qiymətləndirilməsinə beynəlxalq təcrübə və texnologiyaların cəlb
olunmasına imkan verir.

Digər razılaşmalar SOCAR-ın enerji zəncirinin bütün mərhələləri
üzrə beynəlxalq əlaqələri genişləndirmək səylərini əks etdirir.
Şirkət Comstock Resources ilə ABŞ-ın şist yataqlarından hasil
olunan qazın mayeləşdirilməsi və daha sonra ABŞ-dan kənarda
beynəlxalq bazarlarda satılması imkanlarını araşdırmağı
planlaşdırır. Apollo ilə upstream layihələrinə investisiyaların
qiymətləndirilməsi müzakirə olunur, Almaniyanın SEFE və VNG
şirkətləri ilə sazişlər isə qaz, infrastruktur, enerji
təhlükəsizliyi və VNG ilə əməkdaşlıq çərçivəsində hidrogen və onun
törəmələrinin inkişafının elmi-texniki aspektləri üzrə əməkdaşlığı
nəzərdə tutur.

Ticarət istiqaməti də inkişaf edir. SOCAR Trading artıq
Qazaxıstan və Türkmənistanla neft və neft məhsullarının ticarəti
sahəsində əməkdaşlıq edir, Özbəkistanla əməkdaşlıq isə 2026-cı ildə
başlayıb. Birgə müəssisə Turan Energy praktiki fəaliyyətə başlayıb:
Özbəkistan naftasının tədarükü həyata keçirilir, həmçinin Kulevi
terminalı vasitəsilə çatdırılmaqla dizel yanacağının ticarəti
imkanları nəzərdən keçirilir.

Dəyişən bazar şəraitində uzunmüddətli
strategiya

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji keçidinə
praqmatik yanaşmasını vurğulayır. Bərpa olunan enerjinin inkişafı
müasir iqtisadiyyat üçün neft və qazın əhəmiyyətini aradan
qaldırmır, lakin istehsalçıları infrastrukturu yeniləmək, hasilatın
səmərəliliyini artırmaq və bazarları şaxələndirmək zərurətindən də
azad etmir.

Azərbaycanın strategiyası bir-biri ilə əlaqəli bir neçə
elementdən ibarətdir: hasilat və yeni resursların işlənməsi, yetkin
yataqlara investisiyalar, xaricdə emal, ticarət əməliyyatlarının
genişləndirilməsi və beynəlxalq şirkətlərlə əməkdaşlıq. 30 milyon
ton neft məhsulları göstəricisi məhz bu diapazonu — yalnız xammalın
tədarükündə deyil, həm də onun emalında və satışında iştirak etmək
imkanını simvollaşdırır.

Etibarlı tədarükə tələbatın arta biləcəyi bir şəraitdə
yaradılmış infrastrukturun əhəmiyyəti kommersiya faydasından kənara
çıxır. Azərbaycan üçün bu infrastruktur iqtisadi dayanıqlılıq
alətinə və beynəlxalq təsir amilinə çevrilir. Bu rolun
dayanıqlılığı ölkənin yetkin yataqlarda hasilatın təbii azalmasını
nə dərəcədə uğurla kompensasiya edə bilməsindən, yeni layihələri
işə sala bilməsindən və həm daxili, həm də xarici aktivlərdən
səmərəli istifadə etməsindən asılı olacaq.