
Bakı. Trend:
Artıq 6 ildir tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu
reallıqlardan biri də tarixi sahibinə qovuşan torpaqlarımızda
genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, Böyük
Qayıdış Proqramının uğurlu icrasına, eyni zamanda, şanlı
Qələbəmizin əbədiləşdirilməsinə yönələn şəhər günlərinin təsis
edilməsidir. Şəhər günləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Ordumuzun hər anını tariximizə qızıl
hərflərlə Zəfər salnaməsi kimi yazdığı 44 günlük Vətən
müharibəsinin təqdimatı olmaqla yanaşı, eyni zamanda, azad
torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin, Böyük Qayıdış
Proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına
qayıdışlarının hesabatı, işğal dövrünün reallıqlarının təbliğidir.
Cəbrayıl Şəhəri Günü yalnız şanlı Qələbəmizdən sonrakı deyil, işğal
dövrünün gerçəkliklərinin təhlilini də bir tələb kimi qarşıya
qoyur. İşğal ərəfəsində Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92
kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928
milyard ABŞ dolları məbləğində ziyan dəydi. 1050 kv km-i əhatə edən
52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72
ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət
ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq
vəhşicəsinə dağıdıldı. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən
ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük
qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının
əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, rayon azad olunandan
sonra o vaxt işğal altında olan digər ərazilərə uğurlu
əks-hücumumuz mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun
Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi
istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar
yarandı. Həmçinin Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun
cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi
Azərbaycanın nəzarəti altına keçdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə
mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, 1993-cü ildə Ulu Öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq
Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər
işğalçılardan təmizləndikdən sonra Cocuq Mərcanlıya həyatın
qayıtması mümkün olmuşdu. Prezident İlham Əliyev 2021-ci ildə
Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu reallıqlara
xüsusi diqqət yönəldərək bildirmişdir ki, Aprel döyüşləri
nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün
imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad
olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün
olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun
fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. İkinci Qarabağ
müharibəsində bu yüksəkliklərin çox böyük əhəmiyyəti olmuşdur. O
vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı
Qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı
məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın
başlanğıcı idi.
Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə başlanan Zəfər
yürüşü Qarabağın tacı Şuşada qalibiyyət rəmzi olan üçrəngli
Bayrağımızın ucaldılması ilə başa çatdı. 2020-ci il 27 sentyabr
tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3
oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və
Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9
kəndi işğalçılardan təmizləndi. Cəbrayıl rayonunun ərazisində
aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər
(Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, şanlı Qələbəmizin təqdimatına
yönələn addımlardan biri də yeni medalların təsis edilməsidir.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı
təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və
şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına
görə” medalı ilə təltif olunub.
Milli Məclisin deputatı bildirib ki, işğaldan azad edilmiş
Qarabağımız və Şərqi Zəngəzurumuz hazırda yenidən qurulur, keçmiş
məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın
tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərə ilk səfərləri də
məhz Füzuli və Cəbrayıl rayonlarına oldu. Bu səfəri 16 noyabr
2020-ci ildə reallaşdıran dövlət başçısı Cəbrayıl şəhərində və
Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin
körpüsünün düşməndən azad edilməsinin və Müzəffər Ali Baş Komandan
İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının böyük
tarixi və siyasi əhəmiyyəti vardır. Xudafərin körpüsünün işğaldan
azad olunması xalqımızın maddi-mədəni irsinə sahib çıxmasının və
qorunmasının bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin bu qədim abidə üzərində Azərbaycan Bayrağını
dalğalandırması ölkəmizin ərazi bütövlüyünün, qüdrətli Azərbaycan
dövlətinin qətiyyətinin və yenilməz iradəsinin nümayişi oldu.
Dövlətimizin başçısının ötən dövr ərzində Cəbrayıl rayonuna 10-dan
artıq səfərinin hər biri sosial obyektlərin açılışı və təməlqoyma
mərasimlərinin keçirilməsi, hər hansı bir kəndin bərpadan sonra
sakinlərinə qovuşması, Cəbrayıl şəhərinin Baş planının təqdimatı,
rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri və sair kimi
qürurverici məqamlarla yaddaşlarda qalıb. Prezident İlham Əliyev
2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə
belə bir əminlik ifadə etmişdir ki, təqribən 5 il ərzində elə bir
yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün
dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün
edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq
bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə
yaşamalıdırlar və yaşayacaqlar.
Vüqar Rəhimzadə vurğulayıb ki, bu əminlik artıq real həyatda öz
əksini tapmaqdadır. Tarixi Zəfərimizdən qısa müddət, cəmi 6 il
keçməsinə baxmayaraq görülən işlərin miqyası ölçüyəgəlməzdir. Təkcə
bu rəqəmi qeyd etmək kifayətdir ki, bu günə qədər 47 yaşayış
məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi
köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda
93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Cəbrayıl
rayonunun timsalında isə qeyd edə bilərik ki, Prezident İlham
Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan
Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26
sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhərində 680 ailə, 2974
nəfər, Horovlu kəndində 321 ailə, 1326 nəfər, Şükürbəyli kəndində
599 ailə, 2749 nəfər olmaqla cəmi 1600 ailə, 7022 nəfər
məskunlaşıb. Onu da qeyd edək ki, Cəbrayıl şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı təsfiqlənib. Şəhərin bərpası və inkişafı
üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3
800 nəfərin şəhərdə yerləşəcəyi qeyd olunur, 2040-cı ilin sonuna
qədər isə Cəbrayıl şəhərində 15 000 sakinin yaşayacağı
proqnozlaşdırılır.
Millət vəkili diqqətə çatdırıb ki, görülən işlərin
xronologoyasından da göründüyü kimi, Cəbrayıl şəhəri bu gün sözün
əsl mənasında şəhərsalmanın müasir təcrübəsini özündə əks etdirir.
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sesiyasına ev
sahibliyini şərtləndirən amillərdən biri də dünyanı heyrətləndirən
dirçəliş modelimiz oldu. Hər bir yenilik bərpa-quruculuq işlərində
nəzərdə tutulur. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nın
yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı
üçün önəmli hadisədir. Prezident İlham Əliyevin 2021-ci il 4
oktyabr tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas
fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi,
anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR
parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların
təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sözügedən layihə
200 hektarı əhatə edən böyük bir layihədir. Hazırda Sənaye Parkında
20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident
kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
Vüqar Rəhimzadə diqqəti bir daha dövlətimizin başçısı İlham
Əliyevin bu ilin may ayında Cəbrayıl rayonuna səfəri zamanı
Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə səsləndirdiyi “Bu gün
çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi
günüdür. Biz – bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən
əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu
torpaqları canlandırdıq” çağırışına yönəldərək bildirib ki,
Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat
nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq.

