Keçmiş icra başçısının evinə basqın edən kriminal avtoritetlə bağlı QƏRAR

Kriminal

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Firudin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdulov və Dilbər Hacıyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, həmin şəxslər kassasiya şikayətini geri götürüb.
 
Bu səbəbdən təqsirləndirilən şəxslər tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.
 
Qeyd edək ki, kriminal avtoritet “Seymur Naxçıvanski” kimi tanınan Firudin İsmayılovun rəhbərlik etdiyi dəstə üzvləri 2021-ci ilin aprelin 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vüqar Səfərovun Bakıda yerləşən mənzilinə daxil olaraq quldurluq aktını həyata keçiriblər.

Bunun üçün əvvəlcədən Vüqar Səfərovun yaşadığı evlə bağlı “kəşfiyyat” aparılıb.

Həmin şəxslər iz itirmək üçün özlərində olan avtomobilin “PZ” seriya hərflərinin “RZ” kimi oxunması üçün həmin seriya hərfinin üzərinə qara rəngli yapışqanlı lent yapışdırıblar.

Dörd nəfər şübhə çəkməmək üçün aralarında belə razılığa gəlir ki, Dilbər bədən və sifətini gizlətmək məqsədilə müsəlman qadınların hicab geyimini əldə edib geyinsin.

Quldurluğa gedərkən Dilbərə hicab alınır və o, bu geyimi geyinir. Dilbər keçmiş icra başçısının mənzilinin qapısını döyərək yalandan Ramazan ayı ilə əlaqədar “Qurban payı” gətirdiyini bildirir.

Qapı açıldıqda isə Firudin İsmayılov və Kamran Abdulov evdəki qadına yumruqla vururlar, onu azyaşlı qızına nəsə edəcəkləri ilə hədələyiblər.

İstintaq materiallarından aydın olur ki, həmin vaxt Vüqar Səfərov evdə yox, Naxçıvanda imiş. 

Quldurluq edənlər dəyəri min manat təşkil edən gümüş sırğanı, gümüş üzüyü, gümüş qolbağını və 1 cüt qızıl sırğanı ələ keçirib mənzildən çıxırlar.

Onları avtomobillə həyətdə gözləyən Kənan Müzəffərlinin köməkliyi ilə hadisə yerindən uzaqlaşıblar.

Məhkəmə ifadələrinə əsasən qeyd etmək olar ki, quldurluq edənlər pul məsələsində yanılıblar. Belə ki, onlar Vüqar Səfərovun mənzilində 50 000 manat olduğunu düşünsələr də, həmin məbləği tapa bilməyiblər.

Məhkəmənin hökmü ilə qrup üzvləri Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək hərəsi 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Vüqar Səfərov 2001-2018-ci illərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
 
Qeyd edək ki, Bakıda kriminal avtoritet kimi tanınan Firudin İsmayılov Azərbaycanda dəfələrlə məhkumluq həyatı yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Törətdiyi əməlləri də orada davam edib. Orda da iki dəfə məhkumluq həyatı yaşayıb. Bir müddət əvvəl o, Türkiyədən Bakıya qayıdıb.

Firudin İsmayılovun saxlanması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində o, Azərbaycan sərhədindən Rusiyaya keçmək istəyərkən tutularaq istintaqa təhvil verilib və barəsində Nizami Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir