D-8 Media Mükəmməllik Mərkəzi üzv dövlətlər arasında əməkdaşlığı gücləndirəcək – Sohail Mahmud

Baş səhifə

Şuşa. Trend:

D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşkilatın ən
perspektivli layihələrindən birinə çevriləcək və üzv dövlətlər
arasında media sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının
Baş katibi Sohail Mahmud IV Şuşa Qlobal Media Forumu çərçivəsində
keçirilən D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının
təqdimatı zamanı deyib.

“D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması son illər ərzində
D-8 çərçivəsində həyata keçirilmiş ən perspektivli təşəbbüslərdən
biridir”, – deyə o bildirib.

S.Mahmudun sözlərinə görə, təşəbbüs Azərbaycan Prezidenti İlham
Əliyevin Azərbaycanda üç mükəmməllik mərkəzinin – Media Mükəmməllik
Mərkəzinin, Enerji və İqlim Mərkəzinin, eləcə də Nəqliyyat
Mərkəzinin yaradılması ilə bağlı təklifindən qaynaqlanır.

O qeyd edib ki, bu mərkəzlər yaradıldıqdan sonra D-8-in
institusional arxitekturasının möhkəmləndirilməsinə və üzv
dövlətlər arasında informasiya, energetika, ətraf mühit və
nəqliyyat əlaqəliliyi sahələrində praktiki əməkdaşlığın
genişlənməsinə töhfə verəcək.

Baş katib xatırladıb ki, Media Mükəmməllik Mərkəzinin
yaradılması ilə bağlı təklif üzv dövlətlərlə məsləhətləşmələr
zamanı müzakirə olunub və 2025-ci ilin noyabrında Bakıda keçirilmiş
ilk D-8 Media Forumunda qəbul edilən media sahəsində əməkdaşlıq və
inkişaf haqqında bəyannamə ilə daha da inkişaf etdirilib.

Onun sözlərinə görə, konsepsiya Mərkəzin peşəkar hazırlıq,
tədqiqatların aparılması, jurnalist mübadiləsi, media
savadlılığının inkişafı, rəqəmsal innovasiyalar, strateji
tərəfdaşlıq, eləcə də dezinformasiya ilə mübarizə və süni intellekt
də daxil olmaqla yeni texnologiyalardan məsuliyyətli istifadənin
təşviqi üçün platforma kimi yaradılmasını nəzərdə tutur.

S.Mahmud vurğulayıb ki, Media Mükəmməllik Mərkəzinin uğurlu
fəaliyyəti D-8-ə üzv bütün dövlətlərin, onların milli media
qurumlarının, universitetlərinin, tədqiqat mərkəzlərinin və digər
ixtisaslaşmış institutlarının fəal iştirakından asılı olacaq. O
əlavə edib ki, D-8 Katibliyi mərkəzin mümkün qədər tez fəaliyyətə
başlaması və təşkilatın əsas strukturlarından biri kimi səmərəli
işləməsi üçün Azərbaycan və digər üzv dövlətlərlə sıx əməkdaşlıq
edəcək.