“The Floridian” Prezident İlham Əliyevin Trampın sülh prosesindəki rolu barədə bəyanatları haqqında məqalə dərc edib

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin “The Floridian” nəşri Azərbaycan Prezidenti İlham
Əliyevin ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan
arasında sülhün əldə olunması prosesindəki rolu ilə bağlı
fikirlərinə həsr olunmuş məqalə dərc edib.

“Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı
zamanı Tramp administrasiyasının sülh nizamlanmasına dəstəklə bağlı
göstərdiyi səyləri yüksək qiymətləndirib. “The Floridianın”
məlumatına görə, Azərbaycan Prezidenti Tramp administrasiyası ilə
Azərbaycanın münasibətlərinin əla səviyyədə olduğunu vurğulayıb”,
-deyə məqalədə qeyd olunur.

Nəşrdə Prezident İlham Əliyevin Trampın beynəlxalq münaqişələrə
yanaşmasının əvvəlki ABŞ administrasiyalarının siyasətindən
fərqləndiyi barədə fikirlərinə də yer verilib.

“Azərbaycan Prezidenti qeyd edib ki, Donald Tramp Azərbaycan və
Ermənistan sülh sazişi üzrə danışıqların yekun mərhələsində olarkən
çox mühüm rol oynayıb”, – deyə materialda bildirilir.

Nəşr həmçinin Prezident İlham Əliyevin Tramp və onun
komandasının sülh sazişinin mümkün olmasına şərait yaratdığı, ABŞ
tərəfinin isə Bakının təhlükəsizlik və sülh nizamlanması ilə bağlı
narahatlıqlarını nəzərə aldığı barədə bəyanatını sitat gətirib.

Bundan əlavə, “The Floridian” Ağ evdə Prezident İlham Əliyev,
Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı
ilə keçirilən tarixi görüşü də xatırladıb. Həmin görüş zamanı sülh
sazişinin mətni paraflanıb.

Məqalədə Tramp administrasiyasının ABŞ-nin Azərbaycana birbaşa
yardımını məhdudlaşdıran “Azadlığa Dəstək Aktı”nın 907-ci
düzəlişinin qüvvəsinin ləğvi ilə bağlı qərarından da bəhs
olunur.

“Bill Klintonun prezidentliyi dövründə və sabiq prezident Co
Baydenin demokratların nəzarətində olan ABŞ Senatında fəaliyyət
göstərdiyi vaxt Konqres ‘Azadlığa Dəstək Aktı’nı qəbul etmişdi.
Sənədə ABŞ-nin Azərbaycana istənilən formada birbaşa yardım
göstərilməsini qadağan edən 907-ci bölmə daxil edilmişdi. Bu qadağa
uzun illər qüvvədə qaldı və yalnız 2025-ci ilin avqustunda Donald
Tramp 907-ci bölmənin qüvvəsini ləğv etdikdən sonra aradan
qaldırıldı”, – deyə məqalədə bildirilir.