
Şuşa.Trend:
Süni intellekt və “deepfake” texnologiyalarının inkişafı
gələcəkdə istifadəçilərin internetdə yayımlanan istənilən məzmuna
etibarını itirməsinə səbəb ola bilər.
Trend-in tədbirdə
iştirak edən xüsusi müxbiri xəbər verir ki, bunu “Dharana Digital”
şirkətinin direktoru, sosial media üzrə mütəxəssis və tədqiqatçı
Karen Sazerlend IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: müasir
çağırışlar və əsas həllər” mövzusunda panel müzakirəsində
deyib.
“Düşünürəm ki, elə bir mərhələyə gəlib çatacağıq ki, internetdə
gördüyümüz heç nəyə inanmayacağıq. Çünki artıq həqiqəti saxtadan
ayırd edə bilməyəcəyik”, – deyə o bildirib.
Sazerlendin sözlərinə görə, süni intellekt bir çox tapşırığın
yerinə yetirilməsini və böyük həcmli məlumatların təhlilini xeyli
asanlaşdırır. Bununla yanaşı, bu texnologiya “deepfake”, saxta
audio və video yazılar, eləcə də digər alətlərdən istifadə etməklə
istifadəçiləri aldatmağa çalışan dələduzlar üçün yeni imkanlar
yaradır.
O qeyd edib ki, bu təhdidlərə qarşı effektiv mübarizə aparmaq
üçün dövlət qurumlarının, rəqəmsal platformaların və cəmiyyətin
birgə səyləri zəruridir. Onun fikrincə, istifadəçilərin rəqəmsal
savadlılığının artırılması, məlumatların etibarlılığının
yoxlanılması və süni intellekt vasitəsilə yaradılan məzmunun
tənzimlənməsi üçün səmərəli mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət
kəsb edir.

