
Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların
konsolidasiyası həyata keçiriləcək.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqların
konsolidasiyası kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli
istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent
bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi,
bölünməsi, sərhədlərinin yeniden müəyyən edilməsi, torpaq
sahələrinin ve ya onların hissələrinin dəyişdirilməsi (dövlət
mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq
sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində
torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının
yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün
ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji,
işıqlandırma və diger mühəndis-kommunikasiya infrastrukturu ilə
bağlı dəyişikliklərin həyata keçirilməsi prosesidir.
Layihəyə əsasən, torpaq sahələrinin ekvivalent bazar dəyəri
konsolidasiya olunan torpaq sahələrinin alqı-satqısı zamanı
formalaşan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə
fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən
müəyyən ediləcək. Torpaqların konsolidasiyası nəticəsində torpaq
sahəsinin bazar qiymətinin artması konsolidasiya olunmuş torpaq
sahəsinin mülkiyyətçisi üçün əlavə ödəniş öhdəliyi
yaratmayacaq.
Torpaqların konsolidasiyası nəticəsində torpaq mülkiyyətçisinə
ayrılan torpaq sahəsinin bazar qiymətinin konsolidasiyadan əvvəl
malik olduğu torpaq sahəsinin bazar qiymətindən aşağı olduğu
müəyyən edildikdə aradakı fərq torpaq mülkiyyətçisinə kompensasiya
şəklində ödəniləcək.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası
hazırlanan konsolidasiya layihəsi əsasında həyata keçiriləcək.
Konsolidasiya layihəsində aşağıdakılar müəyyən ediləcək:
- mövcud torpaq sahələrinin sərhədlərinin, ölçülərinin,
yerləşməsinin, bazar qiymətinin, mülkiyyət formasının və onlar
üzərində mövcud olan mülkiyyət və digər əşya hüquqlarının təhlil
edilməsi; - torpaq sahələrinin yeni sərhədləri, ölçüləri və yerləşmə
sxeminin torpaq sahəsinin mülkiyyətçiləri ilə
razılaşdırılması; - torpaq sahələrinin bölünməsi, birləşdirilməsi,
dəyişdirilməsi; - konsolidasiya olunmuş torpaq sahələri üzərində mülkiyyət və
digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi; - suvarma, meliorasiya, yol, enerji, işıqlandırma ve digər
mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklər.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası barədə
qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) yaratdığı komissiya tərəfindən qəbul ediləcək.
Komissiyanın qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaqların
konsolidasiyasına dair bölgü sənədi təsdiq olunacaq. Bölgü sənədi
konsolidasiya layihəsinin icrası nəticəsində torpaq sahələrinin
sərhədlərinə, ölçülərinə, yerləşməsinə, həmin torpaq sahələri
üzərində mülkiyyət və digər əşya hüquqlarına dair məlumatları,
eləcə də torpaq sahələri ilə bağlı digər dəyişikliklər barədə
məlumatları özündə ehtiva edəcək və daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən ediləcək.
Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun
layihəsi
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin
alqı-satqısı zamanı həmin torpaq sahəsi ilə bilavasitə ümumi
sərhədə malik olan torpaq sahələrinin mülkiyyətçiləri həmin torpaq
sahəsini eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik
olacaqlar.
Dövlətin özgəninkiləşdirilmə ehtiyacları halları üçün istisna
olmaqla fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd
təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər
özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız
bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5
hektardan az olmadıqda yol veriləcək.
Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı
torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə
qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir
neçə verəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada
yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında
bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər
birinə keçən torpaq sahəsinin ölçüsü 5 hektardan az olmasın. Bu
bölgü mümkün olmazsa, torpaq onun üzərində yerləşən təsərrüfatla
birlikdə satıla biləcək və vərəsələr öz paylarını pul şəklində ala
biləcəklər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsi
Kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasının əhatə
etdiyi ərazilərdə yeni formalaşmış torpaq sahələri torpaq
mülkiyyətçiləri arasında konsolidasiya layihəsinə uyğun
bölüşdürüləcək. Bu zaman aşkar edilmiş uyğunsuzluqların aradan
qaldırılması üzrə yerquruluşu işləri ilə yerdə (naturada) tədqiqat
həyata keçiriləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

