
Bakı.Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) dördüncü günü yekunlaşıb.
Trend xəbər
verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından
biri hesab olunan, 182 ölkədən 40 mindən artıq iştirakçı
qeydiyyatdan keçdiyi forumun dördüncü günü də bir sıra mühüm
tədbirlər və hadisələrlə yadda qalıb.
Forumun dördüncü günü “Siyasət, sənədlər və maddi resurslar:
böhranlara hazırlıq və onlara cavab tədbirlərinin təmin edilməsi
üçün potensialın gücləndirilməsi” mövzusunda təlim keçirilib.
Təlim qısa ekspert tövsiyələrini ssenari əsaslı imitasiya məşqi
ilə birləşdirib.
Yerli hakimiyyət orqanları, akademik dairələr, humanitar
təşkilatlar və QHT-lərdən dəvət olunmuş beş ekspert böhranlara
hazırlıq və onlara cavab tədbirləri sahəsində praktikada sınaqdan
keçmiş metodları bölüşüblər.
Forum çərçivəsində Azərbaycanla Keniya arasında anlaşma
memorandumu imzalanıb.
Sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və
Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma
naziri Elis Vahome imzalayıblar.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində təşkil edilmiş “Mənzil üçün qeyri-rəsmi yaşayış
məntəqələrinin və gecəqonduların transformasiyası” mövzusunda
tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov bildirib ki, Sovet dövründə qeyri-rəsmi yaşayış
məntəqələri (gecəqondular) müəyyən dərəcədə mövcud olsa da, dövlət
tərəfindən tanınmayıb.
Almatı WUF13-ün dördüncü günündə Vision Zero layihəsini təqdim
edib.
WUF13 çərçivəsində keçirilən “Dirçəliş və urbisid: Dayanıqlı
şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel müzakirəsində
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş
dağıntıların miqyasından danışılıb. Tədbirdə hökumət nümayəndələri,
akademik dairələr, ictimai fəallar və ekspertlər iştirak edib və
müzakirələr əsasən şəhərlərin dağıdılması və yenidən qurulması
mövzularına həsr olunub.
Bu gün forum çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin
Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı
sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku
Urban Award) təsis edib.
Forumun dördüncü günündə “Şəhər Zəlzələsinə Hazırlığın
Gücləndirilməsi, Daha Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün
BMT-nin Həlləri” mövzusunda konfrans keçirilib. Konfransda
zəlzələlərin şəhər üçün yaratdığı potensial risklərdən danışıb.
Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin
Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilir. Forum “Dünyanı məskunlaşdırmaq:
Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub
və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər
dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir
şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.
WUF13-ün dördüncü günündən fotoları təqdim edirik:
Foto – Arif Quluzadə

