Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) nazir Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb.
Nazirlikdən bildirilib ki, C.Bayramov və L.Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.
Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.
Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.
Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
13:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobeskunun təkbətək görüşü başa çatıb.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
“Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ilə Buxarestdə görüşməkdən məmnunam. Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri, cari regional məsələlər ətrafında hərtərəfli müzakirələr apardıq. Azərbaycan və Rumıniya çoxşaxəli əməkdaşlıqdan məmnundur və bunu genişləndirmək istəyirik”, – nazir bildirib.
Nazirlər danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər.
During his official visit to Romania🇷🇴 @Bayramov_Jeyhun, Foreign Minister of Azerbaijan🇦🇿 had an expanded meeting with his counterpart, @Odobes1Luminita, Foreign Minister of 🇷🇴 to have comprehensive discussions on various directions of 🇦🇿🇷🇴 strategic partnership relations. pic.twitter.com/5Yyjxzqtne
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 6, 2023
13:14
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyaya səfəri başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Hazırda Buxarestdə C.Bayramovla Rumıniyanın xarici işlər naziri Luminita Odobesku arasında təkbətək görüş keçirilir.
Tête-à-tête meeting has just started between the Foreign Minister of the Republic of Azerbaijan 🇦🇿@Bayramov_Jeyhun & the Foreign Minister of Romania 🇷🇴 @Odobes1Luminita. pic.twitter.com/rcDhXLKO0H
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 6, 2023
www.RESMIXEBER.az

