Böyük Britaniya səfiri Azərbaycanın sülhə nail olmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ən heyranedici nailiyyəti Ermənistanla sülh yolunda
əldə etdiyi tərəqqidir.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri
Fergus Old media nümayəndələri üçün keçirilən vida tədbiri zamanı
bildirib.

Səfir, həmçinin Azərbaycanın regional gərginliyin azaldılması və
deeskalasiya istiqamətindəki səylərini yüksək qiymətləndirib.

“Dəfələrlə törədilən təxribatlara baxmayaraq, Azərbaycanın
İranla münasibətlər qurmaq və gərginliyi azaltmaq istiqamətindəki
səylərini yüksək qiymətləndirirəm”, — deyə o qeyd edib.

2022-ci ilin əvvəlində Azərbaycana gəlişini xatırladan F. Old
bildirib ki, həmin vaxt 44 günlük müharibənin izləri hələ də
görünürdü:
“Mən 2022-ci ilin yanvarında Gəncəyə getmişdim, o zaman şəhərdə 44
günlük müharibədəki raket zərbələrinin vurduğu zədələr hələ də hiss
olunurdu”.

Səfir Azərbaycan və Ermənistan arasındakı son diplomatik
addımları, o cümlədən Prezident İlham Əliyevin İrəvanda keçirilən
Avropa Siyasi Birliyinin sammitində iştirakını, habelə Baş nazirin
müavini Şahin Mustafayevin sərhədlərin delimitasiyası üzrə
ikitərəfli komissiyanın iclasına həmsədrlik etmək üçün Ermənistana
səfərini vurğulayıb.

“Davamlı sülh hələ uzun illər səbir və səy tələb edəcək, lakin
bütün əlamətlər göstərir ki, burada olduğum müddət ərzində
Azərbaycan böyük yol keçib”, — deyə o əlavə edib.

Səfir, həmçinin COP29-u Azərbaycandakı fəaliyyəti dövrünün əsas
hadisələrindən biri adlandırıb:

“Ehtimal ki, mənim üçün ən əhəmiyyətli məqam COP29 oldu. Bakı öz
tarixinin ən böyük tədbirinə — son dərəcə mürəkkəb geosiyasi
şəraitdə ən mühüm qlobal məsələlərdən biri olan iqlim dəyişikliyi
ilə mübarizə üzrə ən çətin danışıqlar prosesinə ev sahibliyi
etdi”.

O, Azərbaycanın iqlim sammitini təşkil etməsini yüksək
qiymətləndirib və Böyük Britaniyanın bu prosesə dəstəyini qeyd
edib:

“Azərbaycan bunun öhdəsindən parlaq şəkildə gəldi və Böyük
Britaniya ona dəstək olmaqdan və Azərbaycanın yanında olmaqdan çox
məmnun idi”.

F. Old, həmçinin qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Kir
Starmer COP29 zamanı Azərbaycana səfər edən ilk Britaniya Baş
naziri olub, həmçinin tədbirdə yeddi Britaniya naziri iştirak
edib.