Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq

Baş səhifə

Bakı. Trend:

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində
nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin
etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti
qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin
hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, monitorinq çərçivəsində
mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra
küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti
tənzimləmələr tətbiq olunacaq.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən
Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn
küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva
küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya
Stadionu istiqamətlərini əhatə edəcək.




“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd
olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün
sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri
xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında
hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və
fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, fərdi nəqliyyat
vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar
vasitəsi ilə sərbəst daxil olub çıxa biləcəklər. Gecikmələrin
qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması
tövsiyə olunur.

WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin
monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra
qlobal tədbirlərə hazırlıq çərçivəsində də uğurla həyata
keçirilib”, – məlumatda deyilir.