BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Cari ilin iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan
(BTC) neft kəməri vasitəsilə 16,398 milyon barel neft nəql
olunub.

Bu barədə Türkiyənin BOTAŞ şirkətinin məlumatında deyilir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyun ayında bu
göstərici 17,297 milyon barel təşkil etmişdi. Beləliklə, nəqlin
həcmi təxminən 5,2 faiz azalıb.

2026-cı ilin yanvar-iyun aylarında isə BTC vasitəsilə Türkiyə
ərazisi ilə ümumilikdə 96,934 milyon barel neft nəql edilib.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə BTC vasitəsilə
206,434 milyon barel neft nəql olunub. Müqayisə üçün, 2024-cü ildə
bu göstərici 224,142 milyon barel təşkil etmişdi. Beləliklə, nəqlin
həcmi 7,9 faiz azalıb.




Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları bunlardır: bp
(30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,90 faiz), TPAO (6,53
faiz), Eni (5,00 faiz), TotalEnergies (5,00 faiz), ITOCHU (3,40
faiz), ONGC Videsh (3,10 faiz), ExxonMobil (2,50 faiz) və INPEX
(2,50 faiz).

İyulun 1-də “Bakı-Tbilisi-Ceyhan” (BTC Co.) şirkəti ixrac neft
kəməri olan Bakı-Tbilisi-Ceyhanın (BTC) operator funksiyalarının BP
Exploration (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə
müəssisəsi olan SOCAR “Midstream Operations MMC”yə (SMO) keçdiyini
elan edib.

Operator funksiyalarının təhvil verilməsi BTC neft kəmərinin
Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşən hər üç hissəsini əhatə
edir. Bundan əlavə, BTC kəməri ilə bağlı bütün fəaliyyətin idarə
olunması, eləcə də bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru
Kəməri (CQBK) sistemləri üzrə həyata keçirdiyi ümumi əməliyyatlara
dair operator funksiyaları da SMO-ya ötürülüb.

Operator funksiyalarının təhvil verilməsi BTC layihəsi üzrə əsas
müqavilələr paketinə daxil olan və yekun investisiya qərarı
çərçivəsində qəbul edilmiş müvafiq sazişlər əsasında həyata
keçirilir. Bu dəyişiklik Sanqaçal terminalının ərazisində yerləşən
obyektlər istisna olmaqla, üç ölkədə BTC-yə aid bütün ayrı-ayrı
obyekt və fəaliyyət növlərinə, eləcə də BTC/CQBK üzrə ümumi
əməliyyatlara şamil edilir.

bp bu funksiyaları yerinə yetirməyə davam edəcək. BTC Co.
şirkətinin səhmdarlarının strukturu da dəyişməz olaraq qalır.