Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Maltanın Biennalesində dünya şöhrətli fotoqraf Reza Deqatinin
Xocalı soyqırımına həsr olunmuş fotosərgisi təqdim edilib.

“Avropa və Amerikada keçirilən sərgilər, konfranslar,
müsahibələr və görüşlərlə zəngin mövsümdən sonra yenidən
Azərbaycana qayıtmaq mənim üçün böyük sevincdir. Bu tədbirlərin hər
biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində atılmış növbəti mühüm addım olub. Bu yol isə həmişə
olduğu kimi asan keçməyib. Qarşılaşdığım çətinliklər barədə sizə
mütləq daha sonra danışacağam”, – deyə Deqati bildirib.

Onun sözlərinə görə, dünya incəsənətini təmsil edən 400-dən çox
iştirakçının qatıldığı Malta Biennalesində, Vallettanın tarixi
mərkəzində təşkil olunan genişmiqyaslı fotosərgi ilə çıxış etmək
onun üçün böyük şərəf olub.




“Mənim üçün xüsusi qürurverici məqam sərgimi Malta
Respublikasının Prezidenti Miriam Spiteri Debononun şəxsən ziyarət
etməsi oldu. Tədbirdə həmçinin Biennalenin direktoru, Malta
İncəsənət Şurasının rəhbəri və kütləvi informasiya vasitələrinin
nümayəndələri də iştirak ediblər”, – deyə fotoqraf bildirib.

Deqati vurğulayıb ki, Xocalı həqiqətlərini belə nüfuzlu
beynəlxalq platformada təqdim etmək və bu mövzuya göstərilən böyük
ehtiramı görmək onun həyatının ən yaddaqalan hadisələrindən biri
olub.

“Xocalı həqiqətlərini bu qədər önəmli bir məkanda təqdim etmək
və bu mövzuya göstərilən yüksək hörməti görmək həyatımın ən
unudulmaz və qürurverici anlarından biridir”, – deyə o əlavə
edib.