
Bakı.Trend:
Qazaxıstan malların rəqəmsal izlənilməsi sistemlərinin
inteqrasiyası sahəsində Azərbaycanla əməkdaşlıq üçün əhəmiyyətli
potensial görür.
Bu barədə Trend-ə
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirinin müavini Aset Nusupov
bildirib.
O qeyd edib ki, iki ölkə arasında elektron sənəd dövriyyəsi
platformalarının birgə istifadəsi istiqamətində də əməkdaşlıq
potensialı mövcuddur.
“Bu, yüklərin Xəzər limanlarından keçid müddətini qısaldacaq və
marşrutu daha da rəqabətqabiliyyətli edəcək”, – deyə o
bildirib.
Nazir müavini vurğulayıb ki, ticarətin rəqəmsallaşdırılması
Qazaxıstan üçün ən mühüm prioritetlərdən biridir.
“Ölkəmiz BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə
dünyanın ən yaxşı 25 ölkəsi sırasındadır (193 dövlət arasında 24-cü
yer), onlayn xidmətlər altindeksi üzrə isə 3-cü mövqedə qərarlaşıb.
Bu, təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsidir”, – deyə
A.Nusupov bildirib.
Nazir müavini rəqəmsal ticarətin əsas istiqamətləri sırasında
2025-ci ilin dekabr ayından etibarən tam fəaliyyət göstərən
Malların İzlənilməsi İnformasiya Sistemini qeyd edib. Hazırda
sistemə təxminən 2,4 min iştirakçı qoşulub, 485 müqavilə bağlanıb
və 6,1 mindən çox elektron qaimə rəsmiləşdirilib. Onun sözlərinə
görə, sistem malların istehsalçıdan son istehlakçıya qədər tam
izlənilməsini təmin edir.
Bundan əlavə, nazir müavini 2026-cı il yanvarın 1-dən etibarən
bütün ticarət iştirakçıları üçün məcburi olan Milli Məhsul
Kataloquna diqqət çəkib. Hazırda sistemdə 30,5 milyondan çox məhsul
mövqeyi qeydiyyata alınıb və onların hər birinə unikal NTIN
identifikatoru təyin edilib.
A.Nusupov həmçinin Qazaxıstanın elektron gömrük bəyannaməsi və
kağızsız sənəd dövriyyəsinin inkişafı sahəsində əldə etdiyi
nailiyyətləri vurğulayaraq bildirib ki, ölkənin bütün hava
limanları və aviaşirkətləri IATA standartlarına uyğun olaraq
e-Freight sisteminə keçib.
O, beynəlxalq avtomobil daşımaları üçün rəqəmsal icazələrin
tətbiqinə də ayrıca toxunaraq, Azərbaycanla birgə həyata keçirilən
təşəbbüsü nəqliyyat marşrutlarında bürokratik ləngimələrin aradan
qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

