“Soyuz MS-28″in beynəlxalq heyəti Qazaxıstana eniş edib

Baş səhifə

Bakı. Trend:

“Roskosmos”un iki kosmonavtı və NASA-nın bir astronavtı
Beynəlxalq Kosmik Stansiyada 241 gün davam edən ekspedisiyanı başa
vurublar.

Qazaxıstanın Kazinform agentliyinin məlumatına görə, “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev,
həmçinin NASA astronavtı Kristofer Uilyams “Soyuz MS-28” kosmik
gəmisi ilə Yerə qayıdıblar.

Yerə “Soyuz” gəmisinin bütün hissələri deyil, yalnız eniş
aparatı qayıdıb. Atmosferə daxil olmazdan əvvəl gəmi üç hissəyə
ayrılıb. Orbital bölmə və cihaz-aqreqat bölməsi öz missiyasını başa
vurduqdan sonra atmosferdə yanaraq məhv olub. Ekipaj isə eniş üçün
nəzərdə tutulmuş yeganə hissə olan kiçik kapsul – eniş aparatında
uçuşunu davam etdirib.

Yerə gəminin komandiri Sergey Kud-Sverçkov, kosmonavt Sergey
Mikayev və NASA astronavtı Kristofer Uilyams qayıdıblar. Mikayev və
Uilyams üçün bu, ilk kosmik uçuş olub, Kud-Sverçkov isə ikinci dəfə
kosmosa səfər edib.




Missiya 2025-ci il noyabrın 27-də “Soyuz MS-28″in Baykonur
kosmodromundan buraxılması ilə başlayıb. Kosmik gəmi həmin gün
ekipajı Beynəlxalq Kosmik Stansiyaya çatdırıb. 241 gün ərzində
ekspedisiya iştirakçıları Yer ətrafında 3 856 dövrə vurub və
ümumilikdə 164 milyon kilometrdən çox məsafə qət ediblər.

Ekipajın fəaliyyəti yalnız stansiyanın daxilindəki işlərlə
məhdudlaşmayıb. Sergey Kud-Sverçkov və Sergey Mikayev altı saatdan
çox açıq kosmosda işləyərək “Zvezda” modulunda elmi avadanlıqlar
quraşdırıblar. Kristofer Uilyams isə iki dəfə açıq kosmosa çıxaraq
Beynəlxalq Kosmik Stansiyanın yeni günəş panellərinin
quraşdırılmasına hazırlanmasında iştirak edib, həmçinin robot
manipulyatorun təmirinə kömək göstərib.

Yerə qayıtmazdan əvvəl Sergey Kud-Sverçkov Beynəlxalq Kosmik
Stansiyanın Rusiya seqmentinə rəhbərliyi Pyotr Dubrova təhvil
verib. Dubrov iyulun 14-də Anna Kikina və Anil Menonla birlikdə “Soyuz MS-29” kosmik gəmisi ilə stansiyaya gəlib.

İlkin tibbi müayinədən sonra ekipaj helikopterlərlə Qaraqandaya
aparılacaq. Daha sonra Kristofer Uilyams Hyustondakı Conson Kosmik
Mərkəzinə, Sergey Kud-Sverçkov və Sergey Mikayev isə Ulduz
Şəhərciyinə yola düşəcəklər.