Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM)
rəhbəri admiral Bred Kuper Pentaqon və Ağ Evə Hörmüz boğazı
bölgəsində İrana qarşı həyata keçirilən hərbi əməliyyatların
dayandırılmasını tövsiyə edib. Onun fikrincə, kampaniya qarşıya
qoyulan məqsədlərin böyük hissəsinə nail olub və əlavə zərbələrin
effektivliyi artıq məhduddur.
Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid məsələ ilə
tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Kuperin qiymətləndirməsi, eləcə də
digər yüksəkvəzifəli müşavirlərin əməliyyatın imkanlarının
tükənməsi ilə bağlı rəyləri ABŞ Prezidenti Donald Trampın İrana
qarşı zərbələrin dayandırılması barədə qərarına təsir göstərib.
Bir gün əvvəl Donald Tramp hərbçilərə atəşin dayandırılması,
həmçinin İranın cənub sahillərində və Hörmüz boğazı ətrafındakı
obyektlərə yeni hücumların həyata keçirilməməsi barədə göstəriş
verib. Bu qərar yüksəkvəzifəli hərbi və siyasi rəsmilərlə keçirilən
müşavirədən sonra qəbul olunub.
Məlumata görə, müşavirədən əvvəlki günlərdə Tramp İrana qarşı
genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına daha çox
meyilli idi. Lakin sonradan onun mövqeyi dəyişib.
Admiral Kuper daha əvvəl Pentaqona, Qərargah Rəisləri
Komitəsinin sədrinə və Ağ Evə təqdim etdiyi qiymətləndirmədə qeyd
edib ki, iki həftə davam edən zərbələr İranın gəmilərə hücum
imkanlarını ciddi şəkildə zəiflədib. Onun sözlərinə görə, Hörmüz
boğazı bölgəsində müəyyən edilmiş əsas hədəflərin əksəriyyəti artıq
məhv edilib.
Kuper bildirib ki, növbəti mərhələdə ABŞ “Epik Qəzəb” əməliyyatı
zamanı toxunulmamış hədəflərin təxminən 20 faizinə qarşı yeni
genişmiqyaslı əməliyyata başlaya bilərdi. Bununla belə, o
vurğulayıb ki, əgər məqsəd eskalasiyanın qarşısını almaqdırsa,
zərbələrin davam etdirilməsi məqsədəuyğun deyil.
Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də müdafiə
naziri Pit Heqset və Prezident Trampa hava hücumundan müdafiə
sistemləri üçün nəzərdə tutulan ələkeçirici raket ehtiyatlarının
azala biləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, bu vəziyyət
regiondakı ABŞ qüvvələrinin və müttəfiqlərinin müdafiə imkanlarına
mənfi təsir göstərə bilər.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə “NBC”
telekanalına müsahibəsində bildirib ki, Donald Tramp bütün mümkün
variantları gündəmdə saxlayır, eyni zamanda İranla diplomatik
dialoq üçün imkanları da açıq qoyur. Onun sözlərinə görə, Vaşinqton
və Tehran arasında təmaslar müxtəlif səviyyələrdə davam edir.

