Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

Baş səhifə

Bakı. Trend:

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün
saat 13:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzinin rəsmi saytında dərc olunan məlumata
görə, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak
etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil
müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların
müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma
seçimini aparmalıdırlar.

Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633
bakalavr (Azərbaycan bölməsi – 14251, rus bölməsi – 1382) ərizəsini
təsdiq edib.




İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi
ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın
kodunu seçərək “Bakalavrın elektron
ixtisaslaşma seçimi ərizəsi
“nə istədiyi ardıcıllıqla daxil edib
təsdiqləyir. Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə
əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına
(bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə)
müvafiq olmalıdır (qəbul aparılan ixtisaslaşmalar və həmin
ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı
“Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub). “Magistr”
jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda)
www.abiturient.az saytında əldə etmək olar.

Müsabiqəyə yalnız “Bakalavrın elektron
ixtisaslaşma seçimi ərizəsi
”ndə ixtisaslaşmaları seçmiş və
təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

İxtisaslaşma seçimi elanının tam mətni ilə
buradan
tanış ola bilərsiniz.