Norm Ustalar Klubunun üzvləri “İnşaat ustası” sertifikatı ilə təltif ediliblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Norm Ustalar Klubu üzvlərinin Təhsildə Keyfiyyət Təminatı
Agentliyi (TKTA) tərəfindən təltifetməsi həyata keçirilib.

Tədbirdə qeyri-formal və informal təhsilin tanınması üzrə
imtahanlara cəlb olunan və hər iki mərhələni uğurla tamamlayan 24
ustaya “İnşaat ustası” ixtisasını təsdiq edən sertifikatlar təqdim
olunub. Sertifikatların təqdimetmə mərasimi Təhsildə Keyfiyyət
Təminatı Agentliyinin inzibati binasında keçirilib və tədbirdə
agentliyin idarə heyətinin sədri Tural Əhmədov və Norm şirkətinin
Maliyyə və strategiya üzrə baş icraçı direktorunun müavini Elvin
Mirzəyev də iştirak ediblər.

Çıxışlar zamanı TKTA ilə Norm arasında imzalanmış Əməkdaşlıq
Memorandumunun uğurla icra olunduğu, əməkdaşlığın ildən-ilə
genişləndiyi vurğulanıb. Qeyd edilib ki, artıq ikinci dəfə təşkil
olunan sertifikatlaşdırma prosesi və bu il daha çox ustanın
proqrama cəlb edilməsi tərəfdaşlığın davamlı inkişafının
göstəricisidir.




Tədbirdə qeyri-formal və informal təhsilin tanınmasının peşəkar
bacarıqların rəsmi şəkildə təsdiqlənməsindəki rolu, bu istiqamətdə
ölkədə həyata keçirilən işlər və beynəlxalq təcrübə barədə ətraflı
məlumat verilib. Daha sonra ustaların sualları cavablandırılıb,
fikir mübadiləsi aparılıb və mərasimin sonunda sertifikatlar
sahiblərinə təqdim edilib.

Norm və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında
əməkdaşlığın gələcək dövrdə də genişləndirilməsi və müxtəlif
istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi nəzərdə
tutulur.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.