
Bakı. Trend:
KXDR-in nüvə dövləti statusu qəti və geri dönməzdir, ölkənin
nüvə potensialı isə fasiləsiz şəkildə gücləndiriləcək. Bu barədə
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və KXDR
lideri Kim Çen Inın bacısı Kim Yo Con bildirib. Məlumatı Koreya
Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.
“Kim nə deyirsə desin, KXDR-in məsuliyyətli nüvə dövləti kimi
statusu və mövcudluğunun əhəmiyyəti qəti və geri dönməzdir. Bu
status qüvvələr balansını təmin edir və Koreya yarımadasında, eləcə
də onun hüdudlarından kənarda geosiyasi təhlükəsizliyə zəmanət
verir. KXDR-in nüvə gücü heç bir fasilə olmadan davamlı şəkildə
inkişaf etdiriləcək”, – deyə Kim Yo Con vurğulayıb.
Onun bəyanatı ASEAN Regional Forumunun sədrinin Koreya
yarımadasının tam nüvəsizləşdirilməsinə çağırış edilən sənədinə
cavab olaraq verilib. Kim Yo Con forumun mövqeyindən “ciddi
narazılığını” ifadə edib və onu qəti şəkildə rədd edib.
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri bildirib
ki, KXDR-in nüvə dövləti statusu ölkə konstitusiyasında təsbit
olunub və “heç bir hüquqi məcburedici qüvvəsi olmayan bir sənədlə”
dəyişdirilə bilməz.
O, ABŞ və onun müttəfiqlərinin Koreya yarımadasının
nüvəsizləşdirilməsi siyasətinə sadiqliyini “strateji düşüncənin
iflası” və “axmaq xəyal” adlandıraraq qeyd edib ki, bu konsepsiya
artıq hərtərəfli şəkildə mənasını itirib.
“Bizim mövqeyimiz ardıcıl və aydındır: nüvə çəkindirmə qüvvələri
dövlətin suverenliyinin etibarlı qalxanı və dövlət hakimiyyətinin
qorunmasının ən yaxşı təminatıdır”, – deyə Kim Yo Con
yekunlaşdırıb.

