
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də
Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.
Trend xəbər verir ki,
dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər və
Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.
Prezident İlham Əliyev: Salam. Necəsiniz?
Kişi sakin: Şükür bu günümüzə.
Prezident İlham Əliyev: Xoş gəlmisiniz.
Qadın sakin: Çox şükür.
Digər qadın sakin: Xoş gəldiniz Xocavəndə.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Qadın sakin: Çox şükür bu günümüzə, qədəmləriniz mübarək
olsun.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Digər qadın sakin: Çox sağ olun, özümüzü xoşbəxt hiss
edirik.
Kişi sakin: Sizin sayənizdə alınan bu torpaqlara xoş gəlmisiniz,
biz də xoş gəlmişik.
Prezident İlham Əliyev: Bəli, siz məndən bir qədər tez
gəlmisiniz – bir neçə gün.
Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin.
Qadın sakin: Amin!
Kişi sakin: Ən böyük xoşbəxtlikdir ki, Siz rəhmətlik atanızın
vəsiyyətini yerinə yetirdiniz.
Prezident İlham Əliyev: Elədir, düzdür.
Kişi sakin: Sağ olun.
Prezident İlham Əliyev: Hamısı medallardır – Cəbrayıl, Şuşa,
Füzuli, Xocavənd. Bütün torpaqları azad etmisiniz.
Vətən müharibəsinin iştirakçısı: Bəli, Sizin sayənizdə, Allah
canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Vətən müharibəsinin iştirakçısı: Çox sağ olun.
Qadın sakin: Xoş gəlmisiniz, cənab Prezident. Çox sevinirik ki,
bu xoşbəxt günü bizə yaşatdınız.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan.
Prezident İlham Əliyev: Salaməleyküm.
Kişi sakin: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Xoş gördük.
Kişi sakin: Allah Sizi qorusun, cənab Prezident, yaşasın güclü
Azərbaycan! Allah qorusun Sizi, ailənizlə birlikdə.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Sağ olun, cənab Prezident, təşəkkür edirik Sizə ki,
bu torpaqları qaytardınız.
Prezident İlham Əliyev: Sağ olun. Doğma Qarabağ torpağına
qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki,
burada rahat yaşayacaqsınız, xoşbəxtlik içində, sülh, əmin-amanlıq
içində yaşayacaqsınız.
Sakinlər: Sizin sayənizdə, inşallah.
Prezident İlham Əliyev: Siz buna layiqsiniz.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Uzun illər əzab-əziyyət içində
yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm
fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta
Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq
böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki,
bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün
gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik,
düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal
edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən
müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında
qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət
dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da
düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq.
Artıq iki ildən çoxdur ki, bütün əraziyə – Azərbaycan dövlətinin
suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da
dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında
cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə
artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha
qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və
xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü
göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq
qələbə qazanan ikinci ölkə olmamışdır.
İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün
şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu
proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq
azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə
yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il
ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq
üçün əsas ilkin şərtlər olmalıdır – elektrik, qaz, su, yollar,
körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi,
bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə “Böyük Qayıdış”
prosesi daha sürətlə gedəcək.
Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm
ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada
yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul
idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var,
münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur
ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki,
bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək.
Sakinlər: Amin, inşallah!
Prezident İlham Əliyev: Bunun üçün də hər zaman güclü olmalıyıq,
ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla
baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq.
Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm.
Sakinlər: Çox sağ olun.
Qadın sakin: Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda
deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bu gün arzumuza
çatmışıq. Özümüzü o qədər xoşbəxt hiss edirik ki, biz öz
torpağımıza, Vətənimizə gəlmişik. Beş gündür burada yaşayırıq.
Vallah, heç acmırıq, təmiz oksigenlə nəfəs alırıq.
Prezident İlham Əliyev: Hava görün necə gözəldir.
Qadın sakin: Çox sağ olun, şəhidlərimizin canı bahasına,
qazilərimizin, hərbçilərimizin qanı bahasına, Sizin sayənizdə,
siyasətiniz sayəsində torpaqlarımız azad olub, bu gün biz burada
yaşayırıq. Özümüzü çox xoşbəxt hiss edirik.
Prezident İlham Əliyev: Çox şadam.
Qadın sakin: Çox sağ olun, Ulu Öndərin vəsiyyətini yerinə
yetirmisiniz, Allah ona rəhmət eləsin, Allah Sizi qorusun,
övladlarınızı qorusun!
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Bəli, buranın təbiəti çox gözəldir,
havası təmizdir.
Kişi sakin: Bura Qarabağdır, cənnətdir.
Prezident İlham Əliyev: Siz işğal dövründə harada
məskunlaşmışdınız?
Kişi sakin: Ağcabədidə.
Prezident İlham Əliyev: Ağcabədidə, dövlət tərəfindən verilmiş
evdə?
Kişi sakin: Bəli.
Prezident İlham Əliyev: Siz də gəlin.
Birinci xanım Mehriban Əliyeva: Şəkil çəkdirək?
Prezident İlham Əliyev: Bəli, çəkdirək.
Birinci xanım Mehriban Əliyeva: Hamımız yerləşəcəyik?
Prezident İlham Əliyev: Bəli, gəlin.
X X X
Sonra xatirə şəkilləri çəkdirildi.
X X X
Prezident İlham Əliyev: Evlər necədir, yaxşıdır? Qaz var, işıq
var, su var.
Sakinlər: Əladır, heç bir problem yoxdur, hər şey var.
Prezident İlham Əliyev: Həyətyanı sahələr də var.
Kişi sakin: Hamısı gözəldir. 15 sot həyətyanı sahə var, bundan
artıq nə olmalıdır?
Prezident İlham Əliyev: 15 sot, hər şey əkə bilərsiniz.
Kişi sakin: Bəli, sağ olun. Mənim də adım İlhamdır.
Prezident İlham Əliyev: Eləmi? Çox yaxşı.
Qadın sakin: Amma bizim sakinlər həqiqətən qoçaq camaatdır. Hər
bir şərait də yaradacaq, əkin-biçin, camaatımız çox qoçaq
camaatdır.
Prezident İlham Əliyev: Bura təbii cənnətdir.
Kişi sakin: Allah Sizi qorusun, əsas məsələ odur ki, irəli
gedək, amin!
Prezident İlham Əliyev: Elədir, elə də olacaq, ancaq irəli.
Sakinlər: Allah Prezidentimizi qorusun!
Qadın sakin: Cənab Prezident, neçə illər arzusunda olduğumuz,
həsrətini çəkdiyimiz Xocavənd torpağında salamlayıram Sizi.
Elimizə-obamıza, dədə-baba yurdumuza xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Qadın sakin: Bu gün biz çox xoşbəxtik, ən xoşbəxt günlərimizi
yaşayırıq.
Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu
torpaqlar 35 il işğal altında qalıb.
Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa
qayıdacağıq.
Prezident İlham Əliyev: İnanırdınız.
Qadın sakin: Bəli, inanırdıq.
Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz
də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının
başı üstündən əskik etməsin, amin!
Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra xalqımız sülh
içində yaşayacaq, inşallah. Sizə cansağlığı, xoşbəxtlik
arzulayıram, xoşbəxt yaşayın.
Sakinlər: Sağ olun.
Kişi sakin: Cənab Prezident, şəkil çəkdirə bilərik?
Prezident İlham Əliyev: Hə, çəkdirək.
Kişi sakin: 35 ildir gözləyirdik.
Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?
Kişi sakin: Şəhər tərəfdə.
Prezident İlham Əliyev: Bakıda?
Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan
qurtarmışıq.
Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada
yaşamısınız işğal dövründə?
Kişi sakin: Ağcabədidə.
Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa
yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.
Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə
köçdünüz?
Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.
Prezident İlham Əliyev: Orada şərait necə idi?
Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa
qayıdacağıq.
Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.
Prezident İlham Əliyev: Əlbəttə.
Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.
Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.
Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı
qorusun!
Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort
zonasıdır.
Qadın sakin: “Dəmir yumruq” həmişə yerində olsun!
Prezident İlham Əliyev: Olacaq!
Sakinlər: Sağ olun, fəxr edirik ki, Sizin kimi Prezidentimiz
var.
Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı
arzulayıram, xoşbəxt yaşayın.
Sakinlər: Sağ olun.
Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62.
Prezident İlham Əliyev: Mən 61-əm.
Qadın sakin: Mən də 61-əm.
Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq.
Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları
qorusun!
Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat.
Prezident İlham Əliyev: Sağ olun.

