
Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşması Orta
Dəhlizin mövqelərini gücləndirir.
Trend xəbər verir
ki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən
meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.
Bildirilir ki, Avropa İttifaqının Qara dəniz regionuna strateji
yanaşmasına əsasən Qara dəniz və ona qonşu ölkələr Avropanı
Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla
birləşdirən əsas qapı kimi nəzərdən keçirilir.
“Avropa İttifaqı üçün Türkiyə, Şərq Tərəfdaşlığı ölkələri, o
cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin
inkişafı xammal və malların daha sürətli və etibarlı tədarükünü
təmin edə, həmçinin qarşılıqlı faydalı ticarəti təşviq edərək
Avrasiya üzrə yeni ixrac bazarları aça bilər.
Bu şəraitdə, Şimal Dəhlizinin etibarlılığının azalması və Cənub
marşrutunun daha ləng inkişafı fonunda Transxəzər nəqliyyat dəhlizi
Avropa ilə Asiya arasında dayanıqlı, şaxələndirilmiş və geosiyasi
baxımdan dayanıqlı multimodal nəqliyyat əlaqəsi üçün daha
perspektivli istiqamətə çevrilir. Bundan əlavə, regionda yük
axınının əhəmiyyətli dərəcədə artması və 8 avqust tarixli
Ermənistan-Azərbaycan razılaşması Transxəzər nəqliyyat dəhlizinin
dayanıqlı, şaxələndirilmiş və etibarlı regional əlaqə üçün ən həyat
qabiliyyətli marşrut kimi mövqelərini daha da gücləndirir”, – deyə
tədqiqatda bildirilir.
Məlumata görə, son illərdə Transxəzər Beynəlxalq Nəqliyyat
Dəhlizi boyunca infrastruktur layihələrinə investisiyaların artması
müşahidə olunur, lakin nəqliyyat əlaqələrinin həm fiziki
infrastruktur, həm də institusional və inzibati aspektlərində ciddi
problemlər və “dar boğazlar” qalmaqdadır. Bu problemlər yüklənmiş
qovşaqların ötürücülük qabiliyyətinin artırılmasına imkan verən
nisbətən sürətli həllərdən (məsələn, sərhəd-keçid məntəqələrinin
səmərəliliyinin artırılması) tutmuş yeni infrastrukturun inkişafına
yönəlmiş uzunmüddətli investisiyalara (məsələn, yeni limanların
tikintisi) kimi dəyişir.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

