
Bakı. Trend:
Avtomobil nəqliyyatı daşımaların həcminin artmasına hazır
olmalıdır. Proqnozlara görə, 2050-ci ilədək Avrasiya üzrə quru
yükdaşımalarının həcmi iki dəfədən çox artacaq.
Trend Beynəlxalq
Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki,
bunu IRU baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərində
keçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” forumunda
deyib.
“Bir çox sahələrdə texnoloji tərəqqi sürətlə irəliləsə də,
rəqəmsallaşmanın əsas elementləri – gömrük prosedurları, sərhəd
nəzarəti, icazələr, vizalar və digər proseslər hələ də geri qalır.
Bəzi regionlarda diqqətəlayiq uğurlar müşahidə olunsa da,
digərlərində dəyişikliklər son dərəcə yavaş baş verir.
TIR sistemi kimi “yumşaq tədbirlərin” tətbiqi və dövlət-özəl
tərəfdaşlığının inkişafı sayəsində biz ticarətdəki maneələri aradan
qaldıra və səmərəliliyin artırılması üçün yeni imkanlar aça
bilərik”, – deyə Umberto de Pretto qeyd edib.
Onun sözlərinə görə, dünyada bu sahə müxtəlif siyasətlər,
məqsədlər və enerji reallıqları ilə üzləşir. Eyni zamanda,
avtomobil nəqliyyatı artan daşımalar həcminə hazır olmalıdır:
proqnozlara əsasən, 2050-ci ilə qədər Avrasiya üzrə quru
yükdaşımalarının həcmi iki dəfədən çox artacaq. Bu isə logistika və
nəqliyyat şəbəkələrinin dayanıqlı, funksional və iqtisadi baxımdan
səmərəli qalmasını tələb edir.

