
Dünyaca məşhur şahmatçı Yudit Polqar Macarıstan prezidenti vəzifəsinə namizəd olmaq təklifindən imtina edib.
Modern.az xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar bazar günü qadınlar arasında deyil, kişilər arasında da dünya reytinqinin ilk onluğuna düşmüş yeganə qadın şahmatçı olan Yudit Polqarı prezident postuna namizəd göstərməyi təklif edib.
Baş nazir hesab edib ki, əsasən simvolik səlahiyyətlərə malik olan bu vəzifəyə Polqarın seçilməsi Viktor Orbanın 15 ildən çox davam edən hakimiyyətindən sonra ölkədə milli birliyin möhkəmlənməsinə töhfə verə bilər. Onun namizədliyi hakim “Tisa” Partiyasının deputatları tərəfindən də dəstəklənib.
Lakin 50 yaşlı Yudit Polqar bazar ertəsi sosial şəbəkə hesabında paylaşım edərək təklifə görə minnətdar olduğunu, amma “millətin birləşdirilməsi kimi tarixi məsuliyyəti” öz üzərinə götürməyə hazır olmadığını bildirib.
Polqar əlavə edib ki, gələcək prezidentə lazım olan hər cür dəstəyi göstərməyə hazrdır.

