Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-nin süni intellekt
(Sİ) sahəsində ixtisaslaşmış “Haimaker” şirkəti iyun ayında
imzalanmış əməkdaşlıq sazişindən sonra Azərbaycanın rəqəmsal
suverenliyinin gücləndirilməsi və ölkənin süni intellekt hesablama
gücü (AI compute) və bulud xidmətləri üzrə regional mərkəzə
çevrilməsi məqsədini daşıyan suveren süni intellekt infrastrukturu
təşəbbüsünün həyata keçirilməsini davam etdirir.
Bu barədə Trend-ə “Haimaker.ai”dən bildirilib.
Bildirilib ki, saziş bu ilin əvvəlində Vaşinqtonda keçirilmiş
ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransı çərçivəsində Azərbaycan
İqtisadiyyat Nazirliyi ilə “Haimaker.ai Inc.” arasında imzalanmış
strateji çərçivə sazişinin ilkin mərhələsini rəsmən işə salıb və
onun praktik icrasını təmin edib.
Vurğulanıb ki, yol xəritəsinin əsas elementlərindən biri bazar
tələbatı və investisiya mərhələlərinə uyğun şəkildə
genişləndiriləcək müasir süni intellekt məlumat mərkəzinin (AI Data
Center) yaradılmasıdır. Bu mərkəz məlumatların ölkə daxilində
təhlükəsiz saxlanılması və emalını təmin etməyə hesablanıb.
Bununla yanaşı, “Haimaker.ai” və SOCAR dövlət qurumları, biznes
subyektləri və strateji sənaye sahələri üçün SOCAR-ın infrastruktur
və enerji imkanlarını “Haimaker.ai”nin hesablama gücü və platforma
həlləri ilə birləşdirən “AI Cloud” platformasını hazırlayırlar.
“Haimaker.ai” ABŞ-nin San-Fransisko şəhərində yerləşən süni
intellekt və rəqəmsal infrastruktur şirkətidir. Şirkət hökumətlərə
və müəssisələrə məlumatlar, hesablama resursları və idarəetmə
üzərində yerli nəzarəti qorumaqla qabaqcıl süni intellekt həllərini
tətbiq etməyə kömək edir.
Azərbaycanda həyata keçirilən təşəbbüs şirkətin daha geniş
strategiyasının tərkib hissəsidir. Belə ki, “Haimaker.ai” və
tərəfdaşları Vyetnamda Dananq Yüksək Texnologiyalar Parkından
başlayaraq mərhələli şəkildə ümumi gücü 100 MVt-a çata biləcək
suveren süni intellekt məlumat mərkəzləri şəbəkəsinin yaradılmasını
elan ediblər.

