Bakı. Trend:
Qubada avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xilas
edilib.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub:
“Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti
Quba Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat
şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin
idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması
nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün
deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən
olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi
ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2002-ci il
təvəllüdlü Qədirov Mətləb Bəxtiyar oğlu xilas edilərək təcili tibbi
yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır”.

