
Bakı. Trend:
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu
tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiya
Respublikasında müəyyən edilən daha bir şəxsin iyulun 19-da
Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata
keçirilib.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti
qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində
ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı
səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir:
“2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və
aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif
vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli
miqdarda, yəni 90.869.964 manat məbləğində ziyan vurmaqla
dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının
vətəndaşı Məmmədov Səbuhi Elburus oğlunun yeri Serbiya
Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan
sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq
əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Serbiya
Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha
təsdiqləyir”
Qeyd edilib ki, Məmmədov Səbuhi Elburus oğlu Ədliyyə
Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin
Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Serbiya
Respublikasının Belqrad şəhərindən ölkəmizə gətirilib və məhkəmənin
həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına
yerləşdirilib.
“Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam
etdirilir”, – deyə nazirliyin məlumatında qeyd edilib.

