KTM-də xəstələrin su borusundan hazırlanmış xərəkdə daşınmasına aydınlıq gətirilib

Baş səhifə

Bakı. Trend:

Klinik Tibbi Mərkəzdə xəstə daşınması üçün tibbi avadanlıq
əvəzinə PVC borudan düzəldilmiş “xərək”-dən istifadə edilməsi
məsələsinə aydınlıq gətirilib.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Kliniki
Tibbi Mərkəzin Radiologiya şöbəsində istifadə olunan təkərli xərək
(katalka) xəstələrin maqnit-rezonans müayinəsi zamanı
təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi olaraq plastik
borulardan hazırlanıb.

“Maqnit-rezonans tomoqrafiyası (MRT) müayinəsi zamanı xəstələrin
təhlükəsiz şəkildə müayinə aparatına yerləşdirilməsi üçün maqnit
sahəsinə reaksiya verməyən xüsusi katalkalardan istifadə olunur”, –
məlumatda bildirilib.




Vurğulanıb ki, bu, dünya praktikasında da istifadə olunan, aşağı
büdcəli və səmərəli həllərdən biridir.

Qeyd edək ki, sosial mediada Klinik Tibbi Mərkəzdə xəstə
daşınması üçün tibbi avadanlıq əvəzinə PVC borudan düzəldilmiş “xərək”-dən istifadə edildiyini əks etdirən görüntülər yayılıb.

Mərkəzin birinci korpusunda yerləşən şöbələrdən birində ağır
xəstələrin daşınması üçün istifadə olunan xərəyin tibbi
standartlara uyğun avadanlıq deyil, PVC plastik boruların
bir-birinə birləşdirilməsi ilə hazırlanmış primitiv konstruksiya
olduğu iddia edilir. Xəstələrin su borusundan hazırlanmış xərəkdə
daşınması ictimaiyyət arasında ciddi müzakirələrə səbəb olub.