
Bakı. Trend:
“UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi fəaliyyətlə bağlı
başlanmış cinayət işi üzrə məhkəmə baxışı hazırda davam edir.
Bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, son günlər media və sosial şəbəkələrdə Gülbadə
Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim
kimi fəaliyyət göstərməsi, eləcə də “UĞUR-777” estetik mərkəzində
qanunsuz tibbi fəaliyyətin aparılması ilə bağlı məlumatlar və
videogörüntülər yayılıb.
Məlumata görə, həmin faktlar Nəsimi Rayon Prokurorluğunda
araşdırılaraq cinayət işi başlanıb.
İbtidai istintaq zamanı toplanmış sübutlar əsasında Xəyalə
İsmayılova, Müşfiq Bağırov və Rəna Quliyeva müxtəlif maddələrlə
təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb
ediliblər.
Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə təsdiq
edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib. Hazırda iş üzrə məhkəmə baxışı davam etdirilir.
Baş Prokurorluq bildirib ki, sözügedən cinayət işi üzrə Gülbadə
Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə
aparılan cinayət təqibinə “Konstitusiyaya və Suverenlik İli”
münasibətilə elan edilmiş amnistiya qərarının tətbiqi ilə əlaqədar
xitam verilib.
Bundan əlavə, aparılmış istintaq zamanı onun əməllərində Cinayət
Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin
əlamətləri müəyyən edilməyib.
Açıqlamaya əsasən, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş
şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, həmçinin dövlət
büdcəsinə ödənilməli olan 500 manat tam həcmdə ödətdirilib.
Eyni zamanda, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1
və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq
aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və barəsində
cərimə növündə inzibati tənbeh tətbiq olunub.
Baş Prokurorluq vurğulayıb ki, vətəndaşların həyat və
sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə
bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə
uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt
üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

